“Qəbələ” klubunun prezidentinin müşaviri Toni Adams buradakı işindən, komanda və onun məqsədlərindən danışıb. Futbolinfo.az Adamsın müsahibəsini diqqətinizə çatdırır:
– Antalyada nə edirsiz?
Burada mən öz komandam – “Qəbələ” ilə birgəyəm. Burada biz toplanış keçir, məşq edirik. Kollektiv “Gloria Golf” otelində məskunlaşıb.
– Siz hazırda “Qəbələ”də nə işlə məşğulsuz?
– Mən klub prezidentinin müşaviriyəm. Artıq iki il yarımdı ki, bu vəzifədəyəm və buna çox şadam. “Qəbələ”nin rəhbəri Tale Heydərovla çox yaxşı, dost münasibətlərim var. O, gözəl insan, yaxşı prezidentdi və bu səbəbdən biz bu qədər müddətdi ki, işləyirik. Apreldə Azərbaycanda işləməyimin dördüncü ili olacaq. O zaman mən baş məşqçi qismində gəlmişdim. Demək olar ki, biz “Qəbələ”nin prezidenti ilə birgə komandanın hazırda ölkənin ən yaxşı klubları arasında olmasının bünövrəsini yaratmışıq. Mən bu layihə və Qəbələdə əldə etdiyimiz bütün nailiyyətlərimizlə fəxr edirəm. Bu klub mənim üçün doğma övlada çevrilib.
– Azərbaycanda futbolun səviyyəsi necədi?
– İldən ilə yüksəlir və bu, məni xoşbəxt edir. Dörd il qabaq mən bura gələndə, onda komanda çempionatda doğrudan da pis vəziyyətdə idi. Yarımpeşəkar təşkil edilmişdi və keyfiyyətli əsası yox idi. Biz bunu dəyişmək istəyirdik və metodiki olaraq Qərbi Avropa təcrübəsindən istifadə edərək, hər şeyi sıfırdan başladıq. Düşünürəm ki, hazırda biz daha yüksək səviyyədəyik.
– Azərbaycan komandalarının böyük maliyyə ehtiyatlarının olması düzdümü?
– Bəli, bu, belədi. Kifayət qədər yaxşı maliyyələşdirilmiş, varlı sahibkarları olan klublar var. Hazırda “Qarabağ”, “Neftçi”, “İnter” və başqaları ən yaxşı klublardı. Qabaqcadan hər şeyi gözə gətirmək istəmirəm, ancaq barmaqlarımı çarpazlaşdırıb ümidimi bildirim ki, biz də Azərbaycanın ən yaxşı komandası olacağıq. Hazırda mən hesab edirəm ki, biz düzgün yoldayıq. Qış fasiləsinə gedərkən, biz yarış cədvəlinin liderindən bir xal geri qalırdıq. Belə ki, hazırda bizim vəziyyətimiz yaxşıdı.
– “Qəbələ”nin gələcək planları nədi?
– Mən ümid edirəm ki, komanda avrokuboklara düşə biləcək. Bu, sadəcə fantastika olacaq! Bizim hazırkı məqsədimiz – ya Çempionlar Liqası və ya Avropa Liqasının qrup mərhələsidi.





