“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun futbolinfo.az saytına müsahibəsi
– Komandanın hazırlıqlarını izlədiniz. Təlim-məşq toplanışından razı qaldınız?
– Komandaya necə lazımdı şərait yaradılıb. Qaldıqları oteldən tutmuş məşq etdikləri stadiona kimi hər şey yüksək səviyyədə təşkil olunub. Hazırda 5 yeni futbolçumuz var. İkisi yerli futbolçudu, üçü isə legionerdi. Üç əcnəbi futbolçudan ikisi ilə müqavilə imzalanıb, biri ilə də imzalancaq. Düzdü, bu futbolçular birbaşa müqaviləyə gəliblər. Amma müəyyən prosedurlar var ki, onları həyata keçirmək lazımdı. Bu məsələlər həllini tapdıqdan sonra üçüncü oyunçu ilə də müqavilə imzalanacaq.
– Deyan Blajevskinin müqaviləsi üçün gözləyirsiz?
– Bəli. Vyekoslav Tomiç və Villian Tyeqo ilə müqavilə imzalanıb. Deyan Blajevskinin məsələsi üçün isə hələ gözləməliyik. Onunla da münasibətləri rəsmiləşdirəcəyik.
– Elias hələ də razılıq verməyib?
– Elias baxılan bir neçə futbolçudan biridi. Siyahımızda Elias kimi bir neçə futbolçu var. Baş məşqçi Mustafa Dənizli onların içindən kimi seçəcəyinə qərar verdikdən sonra bu məsələ həllini tapacaq. Yəni yüz faiz Elias gəlməyəcək. O, qərar verəcək ki, hansı futbolçunu istəyir. Təəssüf olsun ki, hər futbolçu da Azərbaycana gəlmək istəmir. Amma biz də elə bir oyunçu istəyirik ki, həm “Xəzər Lənkəran”a, həm də futbolumuza xeyri dəysin. Klub tərəfdən məşqçi üçün maddi məsələdə heç bir limit qoyulmayıb. O, istədiyi futbolçunu alacağıq.
– Elias və ya siyahıda olan hər hansı futbolçu transfer olunduqdan sonra bu, çox güman ki, sonuncu olacaq…
– Mövsümün ilk yarısı başa çatanda baş məşqçi bütün mövqeləri gücləndirmək fikrində idi. Eyni zamanda da yerli futbolçu almaq istyəirdi. Demək olar ki, rəhbərliyin qarşısında qoyduğu bütün tələblər yerinə yetrilib. Bircə hücumameyilli yarımmüdafiəçi qalıb ki, onun da üzərində işləyirik. Bu da baş məşqçinin qərarından asılıdı. O, seçdiyi futbolçu komandaya cəlb olunacaq. Başqa bir futbolçu isə nəzərdə tutulmayıb. Təbii ki, məşqçi yenə də istəsə, bunu edəcəyik. Bir də transfer pəncərəsinin bitməsinə 4 gün vaxt var. O vaxta kimi də ancaq bir futbolçu transfer etmək olar.
– Bu gün “Neftçi” və “Qəbələ” geri döndükdən sonra Antalyada bircə “Xəzər Lənkəran” qalacaq. Komandanın Türkiyədən yanvarın 29-da dönəcəyini bilirik. Fevralın 1-də Premyer Liqanın 2-ci yarısına start verildiyini nəzərə alsaq, komanda bir az tez gəlməli deyildimi? Bunu Dənizli özü istəyib?
– Komandanın ora ayın neçəsində getməsi, neçəsində qayıtması, neçə gün qalması baş məşqçinin qərarıdı. Ona görə ayın 29-na qədər orada qalmasının səbəbini baş məşqçi bilir. XL Antalyaya ən tez gedən komandalardan biri idi. Yanvarın 4-də biz artıq yola düşmüşdük. Yəqin ki, baş məşqçimiz çempionata daha yaxşı hazırlaşmaq istədiyindən o qədər müddətə Türkiyədə qalmağı istəyib.
– Komandanın ora ayın neçəsində getməsi, neçəsində qayıtması, neçə gün qalması baş məşqçinin qərarıdı. Ona görə ayın 29-na qədər orada qalmasının səbəbini baş məşqçi bilir. XL Antalyaya ən tez gedən komandalardan biri idi. Yanvarın 4-də biz artıq yola düşmüşdük. Yəqin ki, baş məşqçimiz çempionata daha yaxşı hazırlaşmaq istədiyindən o qədər müddətə Türkiyədə qalmağı istəyib.
– Sonuncu sualım azarkeşlərlə bağlıdı. Həbsdə olan azarkeşlər “Xəzər Lənkəran”ın onlarla maraqlanmadığını bildiriblər…
– O azarkeşlərlə bağlı həm şəxsi mövqeyimi, həm də klubun mövqeyini bildirmişəm. Bilmirəm o məktubu kim yazıb və ya kimsə kiminsə adından yazıb. Mən bildiyimə görə içəridə internet yoxdu. Yəqin ki, əl ilə yazıb göndərib. Amma bizim “Xəzər Lənkəran” klubuna o azarkeşlər adından bir dənə də olsun məktub gəlməyib. Amma biz klub olaraq məhkəməyə nümayəndə də göndəririk, onların ailələri ilə də maraqlanırıq. Bir neçə valideynlə söhbət etmişik. Azarkeşlərin durumları ilə də maraqlanırıq. Sağlamlıqları ilə, vəziyyətləri ilə. Məktub mənim üçün sürpriz oldu. Əgər kimsə onu yazırdısa, klubun ünvanına göndərə bilərdi. Çıxıb populist çıxışlar etmək, gündəmə gətirmək, klub rəhbərini pisləmək mənə nəsə qəribə gəldi. Bu daha çox nəyəsə xidmət etməyə bənzəyir. Amma biz o azarkeşlərlə maraqlanırıq və maraqlanacağıq da. Məhkəməyə nümayəndəmizi də göndərəcəyik. Biz qanuna təsir edə bilmərik. Qanun hamı üçün qanundu. Mən də sabah qanuna zidd iş görsəm, cəzamı çəkəcəm. Azərbaycan qanunvericiliyi qarşısında biz hamımız eynihüquqlu şəxslərik. Biz də istəyirik ki, azarkeşlərimizin təmiz olduğu sübut olunsun.
ELSEVƏR





