"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini ilkin olaraq komandadan göndəriləcək futbolçuların adlarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, "Qaziantepspor"la oyundan sonra mətbuat konfransında o, Dani Nunkeu, Albert Riera və Nordin Ambaratla yolları ayırmaq, əvəzində isə bir futbolçu transfer etmək istədiklərini deyib:
"Qarşıdakı iki gün ərzində transferlə bağlı problemləri həll etməliyik. Dünya çempionatına qədər Dani, Nordin və Riera kimi futbolçuların oynaması üçün başqa klublara getmələri lazımdı. Bir müdafiəçiyə ehtiyacımız var. Bruma və Aydın Yılmaz çox pis zədələnərək mövsümü erkən başa vurdular. Bu səbəbdən transfer lazımdı".
Başqa bir mənbə Mançininin transfer etmək istədiyi müdafiəçinin “Everton”da top qovan Con Heytinqa olduğunu bildirib. Xəbərdə 30 yaşlı hollandla ilkin razılıq əldə olunduğu bildirilib.





