"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun futbolinfo.az saytına müsahibəsi
 
– Təlim-məşq toplanışını artıq başa vurmusuz. Ümumiyyətlə, komandanızın hazırlıq prosesini necə qiymətləndirirsiz?
– Digər komandalar kimi, bizim də təlim-məşq toplanışına yollanmaq imkanımız oldu. Düzdü, hazırlığımız istənilən səviyyədə keçmədi. Zədəlilərimizin sayı çox idi. Həm də son yoxlama matçını yağış səbəbi ilə oynaya bilmədik. Təlim-məşq toplanışı istədiyimiz kimi alınmadı. Ona görə çempionatda maksimum diqqətli olmalıyıq. Mövcud çatışmazlığı aradan qaldırmaq üçün bütün gücümüzü səfərbər etməliyik.
 
– Zədə səbəbi ilə hazırlıqda aktiv iştirak edə bilmədiz. Bu, "Qarabağ"ın gələcək oyunlarında özünü biruzə verməyəcək ki?
– Bunu zaman göstərəcək. Hələlik, bu haqda heç nə deyə bilmərəm.
 
– Çempionluq uğrunda mübarizə aparan "Qarabağ"dan həm müdafiə, həm də hüçüm xəttinə yeni transferlər gözlənilirdi. Ancaq Ağdam klubu yalnız Java Dvalinin transferi ilə kifayətlənməli oldu…
– Buna mən də fikir vermişəm. Verilişlərdə oturub elə ağıllı-ağıllı danışırlar ki, müdafiə xəttinə transfer lazımdı. Mənə maraqlıdı ki, kimin yerinə transfer istəyirlər? Hazırda müdafiə xəttində həm Azərbaycan, həm də Albaniya yığmasının 2 üzvü oynayır. Müdafiə xəttimiz 4 ildi bir yerdə çıxış edir. Camaat illərdi onun həsrətindədi ki, eyni müdafiə xətti uzun müddət bir yerdə çıxış etmiş olsun. Sadəcə, nəyinsə naminə hər kəs danışır. Çox şükürlər olsun ki, bizim o sarıdan problemimiz yoxdu. Əsas odu ki, tez-tez zədələr olmasın. Ancaq elə zədələr də olur ki, onların qarşısını almaq olmur. Elə də olur ki, 2-3 nəfər birdən zədələnir. Bunu da heç kim öncədən proqnozlaşdıra bilməz. Bəlkə də heç kim zədələnmədi. Bu gün yaxşı müdafiəçini gətirsən belə, ehtiyatda oturmaq istəməyəcək. Komandada problem yaradacaq. Deyəcək ki, məni gətirmisiz, oynamaq istəyirəm. Bir sözlə, məsələyə münasibət bildirən zaman hərtərəfli fikirləşmək lazımdı.
 
– Dvali ilə bağlı nə deyə bilərsiz?
– Dvali yaxşı futbolçudu. Biz onu ötən il transfer etmək istəyirdik. Sadəcə, Dvali üçün Tiflis "Dinamo"su çox yüksək məbləğ tələb etdiyi üçün keçid alınmamışdı. İndi elə alındı ki, biz onu 4 aylıq icarəyə götürdük. Görək nə formada olacaq. İndidən onun haqda nəsə deyə bilmərəm. Ancaq inanıram ki, komandamıza keçidi bizim üçün xeyirli olacaq.
 
– Fevralın 1-də "Xəzər Lənkəran"la qarşılaşacaqsız. Geridə qalan iki dövrədə qalib gəlmisiz. Bu dəfə hansı nəticəni gözləyirsiz?
– Bizi çətin oyun gözləyir. "Xəzər Lənkəran" artıq 27 gündü ki, təlim-məşq toplanışındadı. 2 hazırlıq oyunu keçiriblər. Eşitdiyimə görə, çox yaxşı forma yığıblar. Mustafa Dənizlinin gəlişindən sonra komanda yüksəlişə doğru gedir. Həmin matçdan sonra da "Qəbələ" ilə qarşılaşacağıq. Hazırda çempionatda asan rəqib yoxdu. Qış fasiləsindən sora oynayacağımız ilk oyunlar bizim üçün ağır olacaq.
 
– Zədəniz hazırda nə yerdədi?
– Zədə səbəbi ilə "Xəzər Lənkəran"la oyunu buraxmaq məcburiyyətindəyəm. Ancaq çalışacam ki, "Qəbələ" ilə oyunda meydanda olum.
 
– Sizinlə yanaşı Nikolas Gelaşvili də zədəlidi. İkinizin yoxluğu komandaya təsir edəcək?
– Təbii ki, hər bir futbolçunun yoxluğu komanda üçün itki hesab edilir. İstəyir mən olum və yaxud başqası olsun. Komanda belə şeylərə hazır olmalıdı. Təlim-məşq toplanışında da mənsiz hazırlaşıblar. Fikirləşirəm ki, Bədavi Hüseynovla Admir Teli hazırda əla formadadılar. Yəni, yoxluğum hiss olunmayacaq.
 
EMİN SƏFƏROV
Shares: