Topaz Premyer Liqasında qış fasiləsi başa çatmaq üzrədi. Futbolinfo.az xəbər verir ki, elita təmsilçiləri bu fasilədən istifadə edərək mövsümün qalan hissəsinə hazırlaşmaq üçün yaxşı imkan əldə etdilər.
Ənənəvi olaraq, klublarımızın əksəriyyəti təlim-məşq toplanışı üçün ölkə xaricinə üz tutdular. Mailiyyə cəhətdən "Sumqayıt"ın Biləcəridən o tərəfə çıxa bilməməsi başadüşülən idisə, AZAL-ın təlim-məşq üçün Şüvəlanı seçməsi bir qədər gözlənilməz oldu. "Qarabağ", "Qəbələ", "Neftçi" "İnter", "Simurq", "Rəvan" Türkiyəyə üz tutsa da, "Bakı" İspaniyaya yollandı. Bu müddət ərzində Premyer Liqa təmsilçiləri daha da güclənməyə, mövsümün qalan hissəsində iddialarını bir qədər də artırmağa çalışdılar.
Sözsüz ki, qış fasiləsinə lider yollanan "Qarabağ"dan yeni transferlər daha çox gözlənilirdi. Çünki Ağdam klubu nəinki bu mövsümü qızıl medallarla bitirmək, həm də yayda avrokuboklarda ciddi uğur qazanmaq üçün heyətini indidən gücləndirməyə borclu idi. Lakin ağdamlılar yalnız Tiflis "Dinamo"sundan (Gürcüstan) Jaba Dvalini heyətinə qatdı ki, o da 4 aylıq icarəyə götürülüb. İstənilən halda Qurban Qurbanovun komandası ötən illərə nisbətən bu il çempionluğa daha yaxın görünür. Amma komandaya lazımı futbolçuların cəlb olunmaması, xüsusən də müdafiə xəttinin gücləndirilməməsi sözsüz ki, mövsümün qalan hissəsində Qurbanov üçün başağrısına çevrilə bilər. 19 günlük təlim-məşq toplanışı çərçivəsində Qurbanov yetirmələrini 3 yoxlama görüşündə sınadı. Düzdü, bütün bu matçlar hazırlıq xarakteri daşısa da, baş tutan qarşılaşmalarda hüçum xəttinin "dişsiz"liyi diqqətdən yayınmadı. Buxarest "Dinamo"su (Rumıniya) üzərində qazanılan minimal hesablı qələbədən sonra Albaniyanın "Flamurtari" (1:2) klubuna məğlub olan Ağdam təmsilçisi yalnız Almaniya "Vupertaller"i ilə qarşılaşmada 2 qol vura bilsə də, bu oyun da sülhlə bitdi – 2:2.
"Neftçi" Antalyaya köhnə-yeni baş məşqçisi Böyükağa Hacıyevin rəhbərliyi altında yollandı. Flaqman Antalyadakı ilk yoxlama görüşündə Albaniya "Partizani"sini 2:0 hesabı ilə məğlub etməyi bacardı. "Ağ-qaralar" Qazaxıstan "Tobol"u üzərində də 4:2 hesablı üstünlük əldə etdilər. Türkiyə nəhənglərindən "Fənərbaxça", eləcə də Ukraynanın "Metallurq" (Zaporojye) klubu ilə görüşlər isə qolsuz heç-heçə ilə başa çatdı. Eksperimental heyətin meydana buraxıldığı Polşa "Şlensk"i ilə son oyunda da 1:3 hesablı məğlubiyyət qeydə alındı. Bu matçlarda futbolçuların Hacıyev üçün darıxdığı hiss olunurdu. Çünki onların meydanda necə can yandığı açıq-aşkar hiss olunurdu. Böyük ehtimalla Hacıyev yetirmələrini yenidən əvvəlki günlərinə qaytara biləcək. Lakin "Neftçi"nin bu qış həyata keçirdiyi transfer siyasəti də digərlərindən fərqləndi. Hələ qış fasiləsi ərəfəsində rəhbərlik transfer edilməyəcəyini bildirmişdi. Slavik Alxasovu əzəli rəqibi "Xəzər Lənkəran"a verən paytaxt təmsilçisi əvəzində icarədə olan digər futbolçularını geri qaytardı. Onlarla yanaşı Rusiyanın “Lokomotiv” klubunun yetirməsi olan Samir Məsimovla 5 illik müqavilə imzalandı. Bu, son illərin çempionunun ən elə "səs-küylü" transferi olaraq yadda qaldı.
Tarixində ilk dəfə olaraq çempionluğa bu qədər yaxın olan "Qəbələ" də uğurlu qış-təlim məşq toplanışı keçirdi. Komandaya cəlb olunan yeni futbolçular da az deyil. Düzdü, Elnur Allahverdiyevin "Qəbələ"də qalacağı öncədən də gözlənilən idi. Bundan başqa Yuri Syomin AZAL-dan Ruslan Tağızadənin, Ukrayna "Arsenal"ından Rafael Santosun, "Sumqayıt"dan Anar Nəzirovun da alınmasına nail oldu. Onlarla yanaşı Tacikistan milli komandasının üzvü Davron Erqaşev də mövsümün sonuna qədər “Qəbələ”nin şərəfini qoruyacaq. Əvəzində Syomin Tərzin Cahangirovla Şəhriyar Xəlilovun komandadan ayrılmasını istədi ki, onların da gedişi bölgə klubu üçün ciddi itki sayılmamalıdı. Syomin Antalyada yetirmələrini bir sıra yoxlama oyunlarında da sınadı. Türkiyə “Maltepespor”u (1:1), Qazaxıstan "Spartak"ı (1:1), Rusiya "Volqa"sı (0:0) ilə oyunlarda heç-heçəyə razılaşan "Qəbələ" yalnız Qazaxıstanın "Tobol" klubu ilə görüşdə 2:1 hesabı ilə qələbə qazandığı halda, Türkiyə “Konyaspor”una da 2:4 hesabıyla məğlub oldu. Rusiyanın “Torpedo” komandası ilə qarşılaşmanın baş tutmasına isə Antalyadakı güclü yağış mane oldu. Yeni transferlərdən və bu cür toplanışdan sonra "Qəbələ"nin mükafatçılardan biri olmaq şansı daha da artdı. Çünki Syominin sərəncamında yetərincə futbolçu var. Rusiyalı mütəxəssis mövsümü ilk üçlükdə də qapaya bilməsə, bu, onun üçün ən ciddi uğursuzluq kimi dəyərləndirilməlidi.
Son turlarda inamlı təsir bağışlayan "İnter" yoxlama oyunlarında pis təsir bağışlamadı. "Bankirlər" Türkiyə toplanışı çərçivəsində 6 yoxlama matçı keçirdi. Hollandiyanın “Asten” (8:0), Almaniyanın “Zeyts” (2:0), Braziliyanın “Uniao” (3:1) klubları ilə görüşlərin daha uğurlu alındığını demək olar. Almaniyanın "Arminiya" (2:2), Qazaxıstanın “Aktobe” (1:1) klubları ilə qarşılaşmalar sülhlə bitdi. Almaniyanın “Holşteyn Kil” komandası ilə dueldə isə uduzan tərəf Kaxaber Sxadadzenin komandası oldu – 0:3. Bu müddət ərzində bakılılar heyətə də bir neçə yeni oyunçu qatdılar. Kosta-rikalı hücumçu Dieqo Madriqal,
fransalı müdafiəçi Yohan Bokoqnanonun "bankirlər"ə nə dərəcədə faydalı olacağını izə zaman göstərəcək.
Qış fasiləsi start götürən zaman ən çox söz-söhbət "Bakı"nın ətrafında gəzirdi. Hələ təlim-məşq toplanışı ərəfəsində Kamran Ağayevlə Mindauqas Kalonasın transferə çıxarılması klubda ümumi ab-havanın bir o qədər də ürəkaçan olmamasından xəbər verirdi. Yanvarın 11-dən İspaniyanın Marbela şəhərində təlim-məşq toplanışı keçirən "zolaqlılar" bu cür iki aparıcı futbolçusunu itirməsinə rəğmən, heyətə heç bir yeni oyunçu qatmadı. Görünür, Milinko Pantiç əlindəki heyətlə də uğur qazanacağına əmindi. Onun bu qərarının nə dərəcədə doğru olub-olmadığını mövsümün sonu göstərəcək. Serbiyalı mütəxəssisin komandası İspaniyadakı hazırlıq prosesi çərçivəsində 5 sınaq matçı da keçirdi. Albaniya "Laçı"sini (4:0), Rumıniya "Styaua"sını (2:0) məğlub edən "Bakı" İspaniyanın "Linense" klubuna uduzsa (0:1) da, Ukraynanın "Dnepr" komandası (0:0) və Kiyev "Dinamo"su (1:1) ilə heç-heçəyə razılaşdı.
İkinci dövrəni 6-cı pillədə bitirən Zaqatala "Simurq"u da qardaş ölkədə hazırlıq keçdi. Georgi Çixradze yetirmələri 4 yoxlama oyununda sınadı. Almaniyanın Qərb Regional Liqasında mübarizə aparan "Velbert"i (1:0), Xorvatiyanın "Draqovolyats" komandasını (2:0) məğlub edən zaqatalalılar Tanzanya çempionatının lideri "Yanq Afrikans" (2:2), eləcə də Çinin “Şanxay Şensey” komandası ilə (0:0) sülhə razılaşdı. Bölgə təmsilçisi qış transfer pəncərəsində hələlik "Qarabağ"dakı sabiq futbolçusu Murad Səttarlını və "Tavşanlı Linyitspor"dan Usim Ndukanı rənglərinə bağlayıb. Amma gözləmək olar ki, "Simurq" transfer pəncərəsi tam bağlanana qədər heyətinə başqa futbolçu da qatsın.
Qış transfer pəncərəsində AZAL həm ən çox transfer edən, həm də daha çox yoxlama oyunu keçirən klub olaraq yadda qaldı. Komandanın baş məşqçisi Vaqif Sadıqov hələ ikinci dövrə başa çatmamış heyətdə çatışmazlıqlar olduğunu bildirmişdi. Hazırlıqlarını Şüvəlanda keçən "təyyarəçilər" yoxlama görüşlərində nisbətən zəif rəqiblərlə qarşılaşdılar: "Şuşa" (3:0), "Qaradağ Lökbatan" (2:3), "Şahdağ" (5:1), "Sumqayıt" (1:2), "Araz Naxçıvan" (2:0) və "Neftçala" (2:0). Rəşad Abdullayev, Nedo Turkoviç, Orxan Səfiyaroğlu, Elçin Sadıqov, Laşa Kasradze, Axtam Xamrokulova heyətini gücləndirən AZAL-ın mövsümün qalan hissəsində nə dərəcədə iddialı olacağını yalnız oyunlar göstərəcək.
Mövsümə uğursuz başlayan "Xəzər Lənkəran" da hazırlıq üçün qardaş ölkəyə üz tutmuşdu. Cənubluların sükanı arxasına keçən Mustafa Dənizli bu müddət ərzində komandanı bərpa etməli idi. Bunun üçün bir sıra transferlərin vacibliyi aktual olaraq qalırdı. Komandaya Slavik Alxasov, Orxan Əliyev, Vyekoslav Tomiç, Tyeqo kimi yeni oyunçular cəlb olunub. Amma onların siyahısının qarşıdakı günlərdə bir qədər də genişlənməsi istisna deyil. Məhz heyətdəki problemlərə başı qarışan Dənizli hazırlıq çərçivəsində yoxlama oyunlarına bir o qədər də önəm vermədi. Belə ki, türkiyəli mütəxəssis cəmi 2 sınaq matçı ilə kifayətləndi. Əvvəlcə vaxtilə çalışdırdığı Türkiyə "Rizəspor"u ilə qolsuz heç-heçəyə nail olan Dənizli ardından Super Liqanın digər təmsilçisi "Gənclərbirliyi"nə (0:2) məğlubiyyət acısını daddı.
"Rəvan" da iddialı klublarımızdan geri qalmayaraq bu qış Antalyaya yola düşdü. "Aslanlar"ın sükanı arxasına yenicə keçən türkiyəli Güvənc Kurtar da iddialı danışır. Lakin Rumıniyanın "Universitatya" (1:0), Braziliyanın “Uniao” (2:1) klubları ilə yoxlama oyunlarından qalib ayrılan paytaxt klubu heyətini gücləndirmək yönündə çox da ciddi adımlar atmayıb. Məhz bu amil "Rəvan"ın uğursuz zolaqdan çıxacağını bir qədər şübhə altına salır. Sebastyan Kastro-Telyo, Sohib Savankulov, Frederik Holster, Rəşad Abdullayev, Vüsal Qarayev, Kristian Torresin gedişi ilə daha da zəifləyən komandaya hələlik yalnız braziliyalı Tyaqo Mirasema qoşulub.
"Sumqayıt" da ciddi problemlərin olduğu açıq-aşkar görünür. Maliyyə çatışmazlığı və bundan qaynaqlanan bir sıra problemlər çox güman ki, qalan iki dövrədə də sözünü deyəcək. Mövsümün ilk iki dövrəsində gənclərlə mübarizə aparan komanda rəqiblərinə son turlarda müqavimət göstərməyə bacarırdı. Lakin qış transfer pəncərəsində komandanı 12 (!) futbolçu tərk etdi. Bunun əvəzində isə yalnız Tərzin Cahangirov, Ramil Mansurov, Uğur Pamuk və Rəhman Hacıyev heyətə cəlb olunub. "Sumqayıt"ın daha da zəifləyən heyətlə nəyəsə nail olmasının çətin olacağını yoxlama görüşləri də göstərdi. "Rəvan" (0:0), "Araz Naxçıvan" (0:1), AZAL (2:1), MOİK (1:1) və "Şahdağ"la (1:2) qarşılaşmalarda uğurlu nəticər çox az oldu.dı. "Qəbələ"dən ayrılan Şəhriyar Xəlilovla, "Tanşanlı Linyitspor"da bir oyunda belə meydana çıxa bilməyən Andrey Popoviç "gənclər şəhəri"nin düşərgəsində olsalar da hələ onlarla rəsmi müqavilə imzalanmayıb.
EMİN SƏFƏROV





