Peşəkar Futbol Liqasının Antalyaya apardığı jurnalistlər arasında bu dəfə mən də var idim. İlk dəfə qardaş ölkəyə getdiyim üçün orada olacaqlar mənə maraqlı idi.
Türkiyəyə ilk səfərim haqqında yazmağa çox şey var. Antalyaya qış fasiləsində bir çox ölkələrdən futbol komandaları gəlir. Gəzdiyin hər yerdə müxtəlif ölkədən futbolçular görmək adi haldı. Qaldığımız “Miracle” otelində isə 3 komanda məskunlaşmışdı: “Elazığspor” (Türkiyə), Drezden “Dinamo”su (Almaniya) və Braziliya “Yuniao”su.
PFL-in Antalyaya apardığı hakimlər də bu otelədə məskən salmışdılar. Qardaş ölkədəki ilk günümüzdə məhz hakimlərimizin məşqini izlədik. Fiziki hazırlıqlar üzərində çalışan hakimlərimizə Namiq Quliyev məşq keçirdi. Sonrakı günlərdə isə hakimlər gündə 3 dəfə olmaqla həm məşqdə, həm də məşğələlərdə iştirak edirdilər. Onların sıx qrafikdə işləməsi nəzərdən qaça bilməzdi. Ən əsas məqam Aleksey Spirinin hakimlərimizə dərs keçməsi idi. FİFA-nın tanınmış ekspertinin Azərbaycanlı ədalət qoruyucularına keçdiyi bütün məşğələlər olduqca maraqlı alınırdı. Spirin Antalyanı tərk etdikdən sonra isə məşğələləri Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov özü keçməyə başladı. Bu dərslərdə isə ən çox diqqətimi çəkən məqam Azərbaycan Premyer Liqasının ilk 18 turundan baş verən səhvlərin analiz olunması idi. O, səhvlərə yol verən hakimlərin nəyə görə bu qərarları verdiklərini bildirməsi olduqca maraqlı mənzərə idi. Bəzi hakimlərimiz hətta verdikləri qərarların düz olduğunu bildirsələr də, Xaqani Məmmədov onlarla razılaşmırdı və nəyə görə yanıldıqlarını bildirirdi. Təcrübəli hakimlər isə gənclərə nələrisə izah etməyə çalışrdılar. Anar Salmanov, Vüsal Əliyev, Fariz Yusifov kimi referilər digərlərinə bəzi epizodları izah edirdilər. Hakimlərin bu dərslərinə yeganə kölgə salan məqam isə onların müzakirələr zamanı səs-küy yaratması idi. Xaqani Məmmədov və ya hər hansı hakim danışanda digərləri ona qulaq asmaq əvəzinə aralarında epizodu şərh etməyə çalışırdılar. Bu da dəfələrlə HK sədri Xaqani Məmmədovun əsəbləşməsinə gətirib çıxardı. Hətta o bir neçə dəfə hakimlərə ağır sözlər də dedi. Özü də bu cür hallar dəfələrlə təkrar olunurdu.
Bu hazırlıqlara baxarkən hakimlərimizin çempionatdakı oyunları normal idarə edəcəyini düşünürsən. Amma hər dəfə eyni səhvlər təkrar olunur. Olduqca ciddi hazırlıq keçən hakimlərimizin Premyer Liqa oyunlarında uşaq səhvlərinə yol verməsini başqa nə ilə izah etmək olar? Maraqlıdı!
Bütövlükdə, jurnalistlərin Antalyada işləməsi üçün PFL ideal şərait yaratmışdı. Hakimlərlə ünsüiyyətə, dərslərdə iştirak etməyə heç bir qadağa qoyulmamışdı. Azərbaycanda hakimlərin mətbuata danışmasına qadağa qoyulduğu üçün səfərdə onlarla çempionat, idarə etdikləri oyunlar, səhvləri barədə danışmaq çox maraqlı idi.
Antalyada hazırlıq keçən klublarımız mütəmadi olaraq yoxlama görüşlərində qüvvələrini sınayırdı. PFL prezidenti Ramin Musayev jurnalistlərin bu oyunlara aparılması üçün hər cür şərait yaratmışdı. Qurumun rəhbəri özü də bütün komandalarımızın oyunlarını izləyirdi. Həmin yoldaşlıq görüşləri barədə vaxtı-vaxtında xəbərləri təqdim etdiyimiz üçün onlar barədə əlavə söz açmaq fikrim yoxdu. Amma Antalyada izlədiyimiz ən maraqlı oyun kimi, “Fənərbaxça” və “Neftçi” arasındakı matçı fərqləndirmək olar. Son ölkə çempionunun İstanbul nəhəngi ilə heç-heçə də tərifəlayiq idi.
İlk oyununa getdiyimiz “Xəzər Lənkəran”da heç bir dəyişiklik olmadığı açıq-aşkar görünürdü. Yenə də hücumlardan lazımınca istifadə edə bilməyən “ağ-yaşıllar”ın bu problemi qalmaqdadı. “Qarabağ” yenə də göstərdiyi gözəl oyunla iddialı olacağını sübut edirdi. “Qəbələ” müdafiə xəttindəki boşluqları aradan qaldırarsa, çempionluq yolunda daha inamla irəliləyə bilər. “Neftçi” isə Böyükağa Hacıyevin gəlişindən sonra əvvəlki oyununu bərpa etməyə başlayıb. “Ağ qaralar”ın yeganə problemi isə Nikolas Kanalesin gedişindən sonra hücum xəttindəki dişsizlikdi. “İnter” öz oyun üslubuna sadiq qalmaqda davam edir. Hücum xəttindəki bolşluqları doldurarsa, Kaxaber Sxadadze ilk “üçlük” uğrunda mübarizə apara bilər.
ELSEVƏR





