Bu gün AFFA-nın inzibati binasında klubların baş məşqçiləri və rəsmiləri ilə görüş keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda növbəti mövsüm üçün legioner və 21 yaşlı futbolçu limiti müzakirə olunub.
Lakin bu tədbirdə “Bakı” və “Qəbələ” klubunun nümayəndələrindən heç kim iştirak etməyib. Bununlar bağlı “Bakı”nın icraçı direktoru Yaşar Seyidovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bunları dedi:
“AFFA-dan iclasda ancaq baş məşqçilərin iştirak edəcəyini demişdilər. Baş məşqçimiz Milinko Pantiç iclasla məşq eyni saata düşdüyündən ora gedə bilmədi. Ona görə də bizim heç bir nümayəndəmiz orada olmayıb. Yoxsa mən iştirak etmək istəyərdim”.
Qeyd edək ki, “Qəbələ”nin baş məşqçisi Yuri Syomin də Bakıda olmadığı üçün tədbirdə iştirak etməyib. Klub rəsmilərinin niyə iştirak etmədiyini isə öyrənmək mümkün olmadı.





