Topaz Premyer Liqasının 21-ci turunda “Xəzər Lənkəran” səfərdə “Qəbələ”nin qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, çətin oyuna çıxacaq “ağ yaşıllar”ın yeni tranfserlərindən olan Deyan Blajevski saytımıza açıqlamasında ötən turda baş tutan qalmaqallı “Neftçi” ilə oyundan və sabah “Qəbələ”yə qarşı keçiriləcək matçdan danışıb.
Makedoniyalı futbolçu “Böyük oyun” barədə bunları deyib: “Neftçi” ilə qarşılaşmadan əvvəl hamımız meydana 3 xal üçün çıxacağımızı bildirmişdik. Bilirdik ki, bizi çox çətin oyun gözləyir. Amma oyuna heç də yaxşı başlamadıq. Hesabda geri düşdük. Sonradan oyunu çevirə bildik. Buna görə sevinirik. Amma 3 xal qazana bilmədyimiz üçün də üzülürük. Biz hər oyunda meydana maksimum xal üçün çıxırıq. Oyun baxımından düşünürəm ki, “Neftçi”ni üstələmişdik. Əlimizə düşən şansları yaxşı dəyərləndirsəydik, həmin oyunda qalib də gələ bilərdik. 10 dəqiqəyə iki qol vurmağı bacardıq. Əgər bütün oyunboyu imkanlarımızı belə dəyərləndirsəydik, indi 3 xal qazanmış olacaqdıq”.
Blajevski sabah keçiriləcək “Qəbələ” ilə oyun haqqında isə bunları danışdı: “Biz qələbə qazanmaq istəyirik. “Qəbələ”nin nə qədər çətin rəqib olduğunu bilirik. Təsadüfi deyil ki, rəqibimiz liderlər qrupunda yer alıb. Onların hücum xətti olduqca təhlükəlidi. Biz müdafiədə ehtiyatlı davranmalıyıq. Amma onlardan zəif deyilik. “Qəbələ” sonuncu oyunda “Qarabağ”a uduzub və buna görə də bizə qarşı daha güclü oynayacaqlar. Çətin və maraqlı oyun olacaq”.
Makedoniyalı yarımmüdafiəçi zədəli futbolçular barədə də fikirlərini bildirib: “Heyətimizdə zədəli futbolçular var. Rasim Ramaldanovun son oyunda zədələnməsi yaxşı olmadı. Amma bizim çox güclü məşqçimiz var. O, boşluqları necə doldurmağı bilir. Rasimi əvəzləyəcək futbolçularımız da var. Fərqi yoxdu ki, meydanda kim olacaq. Hamı komandamızın qələbəsi haqqında düşünür”.





