Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Simurq" və "İnter" komandaları arasında baş tutan oyun maraqla gözlənilirdi. Bir gün əvvəl bu komandaların əvəzedici heyətləri arasında baş tutan matçda baş verən qalmaqallar azarkeşləri hiddətləndirmişdi. Düzdü, əksəriyyət həmin hadisələrin baş vermə səbəbini tam dəqiqliyə ilə bilmədi.
Bildiyiniz kimi zaqatalalı azarkeşlər "Simurq" və "İnter" komandaları arasında gəzən "kiçik və böyük"qardaş söz-söhbətlərinə görə çox narahatdılar. Zaqatalada yerli azarkeşlər hətta əvəzedici komandaların oyununda da onları yalnız buraxmayıblar. Dünən baş tutan oyunda da yerli azarkeşər öz yerlərini tribunada alıbdılar.
Ev sahibi Tapdıq Əliyevin 29-cu dəqiqədə vurduğu qol sayəsində önə keçib. Qonaqların cavabı isə 47-ci dəqiqədə gəlib. Elə əsas hadisələr də bundan sonra cərəyan etməyə başlayıb. Belə ki, qolu vuran futbolçu zaqatalalı azarkeşlərə tərəf qaçaraq barmaq işarəsi göstərərək onları təhqir edib. Bu, yan xətt hakiminin gözü qarşısında baş verib. Futbolçunun bu tərbiyəsizliyini laysman oyunu idarə edən baş hakim Rəşad Əhmədova bildirib. Ancaq Əhmədov futbolçuya şifahi xəbərdarlıq etməklə kifayətlənib.
Oyunun gedişatında "bankirlər"in üzvü Elhad Nəzirinin özünü tez-tez yerə atması da yerli azarkeşlərin qəzəbinə səbəb olub. Matçın 84-cü dəqiqəsində isə "İnter"in üzvü Cosqun Diniyev "Simurq"un qapısına təyin olunan penalti zərbəsini dəqiq yetirdikdən sonra anoloji hərəkəti bu dəfə o edib. Polis əməkdaşları meydana axışmaq istəyən azarkeşlərin qarşısını alıb. Ancaq sözügedən futbolçu yerli fanatlara qarşı söyüş işlətməkdən çəkinməyib. Bundan qəzəblənən ehtiyat oyunçular skamyasında əyləşən "Simurq"lu futbolçular da hadisəyə müdaxilə etməyə çalışıb. Ancaq Zaqatala şəhər stadionun direktor muavini Vaqif Əfəndiyev futbolçuları sakitləşdirməyə müvəffəq olub. Bu qalmaqaldan sonra hakim Rəşad Əhmədov Cosqun Diniyevlə yanaşı, "Simurq" və "İnter"in ehtiyat oyunçular skamyasında əyləşən bir futbolçusuna qırmızı vərəqə göstərib.
Bu cür olaylara, tərbiyəsizliklərə son dövrlər futbolumuzda tez-tez rast gəlinir. Ancaq təssüflər olsun ki, futbolçuların bu cür tərbiyəsizliklərinə hakimlər vaxtında müdaxilə etmirlər. Eləcə də müvafiq orqanlar bu cür xoşagəlməz hadisələrin qarşısını almaq üçün məsələyə elə də ciddi maraq göstərmirlər. Hər halda söhbət sağlam mübarizədən gedirsə, bu cür biabırçılıqların baş verməsi yolverilməzdi.
EMİN SƏFƏROV, ZAQATALA





