Bu gün Topaz Premyer Liqasının 21-ci turuna yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasına Bakı derbisi ilə start veriləcək. "Bakı" doğma meydanda "Neftçi"ni qəbul edəcək. "Bakı" son turda "Simurq" üzərində qazandığı qələbədən sonra derbiyə daha iddialı çıxacaq. Milinko Pantiçin yetirmələri güclülərlə xal fərqini azaltmaq üçün qələbə qazanmağa çalışacaq. Heyətdə heç bir problemi olmayan paytaxtın eyniadlı klubu bu qarşılaşmaya tam heyətlə çıxacaq. "Neftçi"də isə vəziyyət rəqibindən fərqlidi. Belə ki, Böyükağa Hacıyevin yetirmələri derbidə tam heyətlə iştirak etməyəcək. Tərlan Quliyev, Karlos Kardoso, Bruno Bertuççi, Mahir Şükürov və Erik Ramos komandasının oyununu tribunadan izləməli olacaq. Buna səbəb isə həmin futbolçuların cəzalı olmasıdı. "Neftçi" qələbə qazansa, liderlik mübarizəsini davam etdirəcək. Əks təqdirdə komandanın çempionluq ümidləri az da olsa, ölə bilər. Komandalar cari mövsümdə 2 dəfə qarşılaşıb. İlk qarşılaşmada "Bakı" rəqib qapısından 3 cavabsız top keçirmişdisə, cavab oyununda "ağ-qaralar" 2:1 hesablı qələbə qazanmışdı.
Turun növbəti oyunu Qəbələdə baş tutacaq. "Qəbələ" doğma azarkeşlər önündə "Xəzər Lənkəran"ı qəbul edəcək. Son turda doğma meydanda "Qarabağ" qarşısında aciz qalan Yuri Syominin komandası məğlubiyyət nəticəsində 3-cü pillədə məskən salıb. Çempionluq marafonuna davam etmək üçün "ağ-yaşıllar" üzərində qələbə qazanmağa çalışacaq "qırmızı-qaralar" 3 xal sayəsində yerini daha da möhkəmləndirəcək. Son turlarda inamlı oyun göstərən "Xəzər Lənkəran"ın dirçəlişə doğru getdiyini demək olar. Bakıda "Qarabağ" üzərində qələbə və Lənkəranda "Neftçi" bərabərliyi komandanın qalibiyyət ruhunu artırır. Mustafa Dənizlinin komandası 3 xala sevinəcəyi təqdirdə "Bakı" ilə xal fərqi bir az da azalacaq. Türkiyəli mütəxəssisin gəlişindən sonra cənub təmsilçisinin məğlubiyyət tanımaması da xüsusi vurğulanmalı məqamlardandı. Eyni zamanda bu qarşılaşmanı Dənizli – Syomin dueli kimi də qiymətləndirmək olar. Komandaların cari mövsümdəki görüşündə cəmi 2 qol qeydə alınıb. Qəbələdə keçirilən qarşılaşmada ev sahibləri rəqib qapısına 2 dəfə yol tapıb, lakin Lənkəranda komandaların heç biri fərqlənməyə nail olmayıb.
Daha bir maraqlı oyun isə Sumqayıtda baş tutacaq. Sumqayıtın eyni adlı komandası doğma azarkeşlər önündə "Rəvan"ı qəbul edəcək. Bu oyunu maraqlı edən amil komandaların yerləşdiyi pillələrdi. Turnir cədvəlinin son pilləsində qərarlaşan Aqil Məmmədovun komandası qələbə sayəsində yerini dəyişəcək və "Rəvan"ı qabaqlayacaq. "Sumqayıt"ın son turda AZAL-la qarşılaşmadan 1 xalla dönməsi də komandanın bu qarşılaşmaya daha yüksək əhval-ruhiyyədə çıxacağını göstərir. Hər dəfə mətbuata iddialı açıqlamalar verən Güvənç Kurtarın yetirmələri isə məğlubiyyətdən yaxa qurtara bilmir. Hazırkı mövqeyini qorumaq üçün Bayıl təmsilçisinə səfərdən bir xalla dönmək də kifayət edir. Cütlüklərin bu mövsümki qarşılaşmasında yalnız bir dəfə qalib müəyyənləşib. Sumqayıtda keçirilən ilk oyunda "Rəvan" Vladislav Qədirovun başçılığı ilə minimal hesablı qələbə qazanıb. Bayılda baş tutan cavab oyununda isə Şahin Diniyevin komandası Aqil Məmmədovun yetirmələri ilə sülh bağlayıb – 1:1.
Günün və turun son oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Burada "Qarabağ" AZAL-ı sınağa çəkəcək. "Xəzər Lənkəran" məğlubiyyətindən sonra "Qəbələ" üzərində qələbə qazanan Qurban Qurbanovun komandası bu oyunun favoriti hesab edilir. Ağdam klubu turnir cədvəlindəki liderlik mövqeyini qorumaq üşün mütləq qələbə qazanmalıdı. Əks halda digər oyunların nəticəsindən asılı olaraq qızıl pillənin sahibi dəyişə bilər. AZAL isə demək olar ki, son turlarda yaxşı çıxış edə bilmir. "İnter" məğlubiyyəti və "Sumqayıt" sülhü komandanın motivasiyasına da təsirsiz ötüşmür. Maraqlı məqam isə komandaların cari mövsümdəki keçirdiyi oyunlardı. Mərkəzi arenada keçirilən ilk qarşılaşmada Şüvəlan təmsilçisi minimal hesablı qələbə qazanmışdısa, cavab oyununda Vaqif Sadıqovun komandası meydanı 1:1 hesablı bərabərliklə tərk etmişdi. Bir sözlə, lider komandanın üzvləri son dövrlər onlar üçün ən çətin rəqibə çevrilən komandaya qarşı mübarizə aparmalı olacaqlar.
Topaz Premyer Liqası
21-ci tur
15 fevral
13:30. Bakı – Neftçi
Hakimlər: Əliyar Ağayev, Azər Əsgərov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Alik Yunusov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
15:00. Qəbələ – Xəzər Lənkəran
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vaqif Musayev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Qəbələ şəhər stadionu.
16:00. Sumqayıt – Rəvan
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Namiq Hüseynov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asim Xudiyev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu, süni örtüklü meydança.
17:00. Qarabağ – AZAL
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Yaşar Abbasov, Tahir Əhmədov.
Əlavə köməkçi hakimlər: Feyzulla Feyzullayev, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Turun digər oyunu: Simurq – İnter – 0:1.
| 1 | Qarabağ | 20 | 11 | 6 | 3 | 32 | 12 | +20 | 39 |
| 2 | Neftçi | 20 | 11 | 5 | 4 | 32 | 21 | +11 | 38 |
| 3 | Qəbələ | 20 | 12 | 2 | 6 | 30 | 17 | +13 | 38 |
| 4 | İnter | 21 | 11 | 3 | 7 | 32 | 23 | +9 | 36 |
| 5 | Bakı | 20 | 10 | 3 | 7 | 35 | 22 | +13 | 33 |
| 6 | XL | 20 | 6 | 8 | 6 | 19 | 26 | –7 | 26 |
| 7 | Simurq | 21 | 6 | 7 | 8 | 19 | 19 | 0 | 25 |
| 8 | AZAL | 20 | 6 | 7 | 7 | 20 | 27 | –7 | 25 |
| 9 | Rəvan | 20 | 1 | 6 | 13 | 11 | 39 | –28 | 9 |
| 10 | Sumqayıt | 20 | 1 | 5 | 14 | 13 | 37 | –24 | 8 |
Bombardirlər:
10 – Vaqif Cavadov (İnter)
8 – Reynaldo (Qarabağ)
7 – Rauf Əliyev (Bakı), Mindauqas Kalonas (Bakı), Daniel Subotiç (Qəbələ), Leonardo da Silva (Qəbələ)
6 – Əfran İsmayılov (Bakı), Etame Mbilla (Xəzər Lənkəran).





