“İnter”in kostarikalı hücumçusu Dieqo Madriqal Topaz Premyer Liqasının 21-ci turunda “Simurq”a qarşı səfər oyununda meydana çıxmasından iki dəqiqə sonra qola imza ataraq, komandasının minimal hesablı qələbəsini təmin etdi. Futbolinfo.az xəbər verir ki, o, bu oyundan sonra maraqlı fikirlər səsləndirib:
“Komanda yoldaşlarım və məşqçi xoşbəxt idilər. Bilirəm ki, ümidləri doğrultmaq üçün “İnter”də istənilən imkandan istifadə etməliyəm”.
Kostarikalı hücumçu sənədlərindəki problem səbəbi ilə əvvəlki iki oyunda komandasının heyətində debüt edə bilməmişdi. Lakin artıq onun bu problemi geridə qalıb və gələcəyə böyük ümidlərlə baxır:
“Əminəm ki, “İnter”dəki çıxışımla Avropa klublarının qeydlərinə düşə biləcəyəm. Bu, tamamilə realdı. Mənə “İnter”in oyun üslubu xoş gəlir. Bu, mənə uyğundu. Məhz bu səbəbdən mən özümü burada sınamaq qərarına gəldim”.
Xatırladaq ki, Madriqal Kosta-Rika yığmasında 11 oyun keçirib və bir qol vurub.





