Türkiyənin “Sivasspor” klubunun və Azərbaycan milli komandasının hücumçusu Cihan Özkaranın futbolinfo.az saytına müsahibəsi
– Türkiyədə işləriniz gördüyümüz qədəriylə görə yaxşı gedir…
– Allaha şükür, hər şey yaxşıdı. Özümü çox yaxşı hiss edirəm. “Bursaspor”a qarşı çox yaxşı oynadım. Gözəl qol vurdum. “Əskişəhərspor”la oyunda da özümü yaxşı tərəfdən göstərməyi bacarmışdım. Amma son oyunda zədə aldım. İndi müalicə olunuram. İnanıram ki, tez bir zamanda yenidən heyətə qayıdacağam.
– Zədəniz ciddidi?
– Dizimdən zədə aldım. İndi dizimdə şiş var və bir az da ağrılar var. Hazırda müalicə alıram. Tez bir zamanda geri dönmək istəyirəm.
– Əvvəllər daha çox ehtiyatda qalırdız. İndi nə dəyişib ki, meydanda daha tez-tez görünürsüz?
– Rza Çalımbaydan çox şey öyrəndim. Bir yerdə yaxşı illərimiz oldu. Bu ildən də Roberto Karlosla çalışıram. Yeni məşqçimlə özümü daha yaxşı hiss edirəm. O, mənə güvəndi, özümə inanmağım üçün hər şey etdi. İndi məşqlərdə daha ciddi çalışıram və ən yaxşısını etmək istəyirəm. Heç kimə məğlub olmaq fikrində deyiləm. Məşqçimizlə münasibətlərim əladı. Futbol oynamaqdan zövq alıram. İnanıram ki, bu mövsüm daha çox qol vuracağam.
– “Sivasspor”da meydana çıxmağınız Azərbaycan milli komandasına kömək edəcəkmi?
– Super Liqada oynamaq asan deyil. Gənc yaşda burada olmaq çətindi. Xüsusən də əsas heyətə düşmək asan məsələ deyil. Güclü və ulduz futbolçularla dolu bir liqadı. Əgər belə bir yerdə özümü göstərə bilsəm, bu, böyük uğur olacaq. Mən burada oynadıqca milli komanda üçün də yaxşı olacaq. Burada ulduz futbolçularla birlikdə oynamaq mənə çox şey verir, çox şeylər öyrədir. Bütün bunlar əlbəttə ki, milli komandaya da təsir edəcək. Bundan əminəm.
– Əli Gökdəmir də “Elzaığspor”da oynayır. Onunla görüşürsüz?
– Əlbəttə ki, görüşürük. Yaxın günlərdə komandalarımız üz-üzə gələcək. Bu, mənim üçün gözəl oyunlardan biri olacaq. İstirahət günlərimiz olanda onunla görüşüb istirahət edirik.
– Qarşıda milli komandanın toplanışı var. Bu, sizin klubdakı planlarınıza mane olmayacaq?
– Hələ vaxt var. Önəmli olan odu ki, həm milli komanda üçün, həm də klubum üçün doğru qərar verməliyəm. Toplanış zamanı burada oyunlar olacaq. Ona görə də klubdakı məşqçilərlə də danışıb ona görə bir qərar verəcəyik. Mən təbii ki, sevə-sevə milli komandaya qatılmaq istəyirəm.
– Azərbaycan Premyer Liqasını izləyirsizmi?
– Əlbəttə ki, imkan düşdükcə, vəziyyətlə maraqlanıram.
– Hansı komandaları daha şanslı sayırsız?
– Oyunlara çox baxa bilmirəm. Amma imkan olduqca, izləyirəm. Komandaların gücünü isə bilirəm. “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Bakı”, “İnter”, “Xəzər Lənkəran”, hətta “Simurq” yaxşı oyun göstərir. Orada güclü rəqabət var. Yaxşı oyunçular var. Fikrimcə, Azərbaycan çempionatı da həyacanlı keçir.
– Mustafa Dənizlinin “Xəzər Lənkəran”a gəlməsi haqqında Sivasda danışıldımı?
– Təbii ki, o barədə burada da çox danışıldı. Dənizli ilə bir dəfə görüşmə fürsətim olmuşdu. Çox güclü məşqçidi. Nə işlər gördüyü ortatadı. İnanıram ki, “Xəzər Lənkəran”la da uğurlara imza atacaq.
ELSEVƏR





