Ötən gün Topaz Premyer Liqasında 3-cü turun qarşılaşmalarına start verilib. Futbolinfo.az xəbər verir ki, günün matçında "Xəzər Lənkəran" doğma arenada "Rəvan"la 1:1 bərabərə qalıb.
Lənkəranda keçirilən oyundan sonra Cənub klubunun vitse-prezidenti Tuyqun Nadirov saytımızın suallarını cavablandırıb:
– "Xəzər Lənkəran"ın "Rəvan"la oyunu haqqında fikirləriniz necədi?
– Heç-heçə etdik. Yaxşı oyun oldu. Hər iki komanda yaxşı çıxış etdi və biz maraqlı qarşılaşmaya şahidlik etdik. Artıq gənclərlə oyunlar geridə qaldı. Növbəti matçlarda meydana təcrübəlilərlə çıxacağıq. Ondan sonra doğma azarkeşlər önündə məğlub olmağa, hətta heç-heçə etməyə haqqımız yoxdu. Bu azarkeşlər üçün ancaq qələbə qazanmaq lazımdı.
– Hakimlik haqqında nə deyəcəksiz?
– Ötən oyunda da hakim səhvləri ilə bağlı video hazırlayıb, təqdim etmişdik. Amma düşünürəm ki, hər dəfə hakim səhvlərindən danışmaq bizə başucalığı gətirməz. Hətta elə oyunlar olub ki, biz hakim səhvindən xallar itirsək belə, bu barədə danışmamışıq. Bu gün də hakimlikdən danışmayacam. Yəqin ki, mükəmməl oynayan heç bir komandanın qarşısını hakimlər ala bilməz. Yəqin ki, baş məşqçi də mənimlə razılaşar. Qarşıda daha yaxşı oynamaq üçün meydana çıxacağıq.
– Əvvəlcədən qarşınıza belə məqsəd qoymuşdunuz ki, yeni futbolçular heyətə qatılana qədər hansısa xalla kifayətlənsək, olar?
– Yox. Biz 9 xal gözləyirdik. "İnter"i çıxsaq, "Sumqayıt" da, "Rəvan" da qalib gəlməli komandalar idi. Ona görə də "İnter"i udduqdan sonra bu oyunlardan da 3 xal qazanmalıydıq.
– Yeni oyunçular heyətə qatdılqdan və bəzi problemlər həll olunduqdan sonra hədəf çempionluq olacaq, yoxsa avrokuboklara vəsiqə qazanmaq?
– Bizim cəzadan başqa problemimiz yoxdu. Onun da müddəti gələn oyun bitir və təcrübəli futbolçularımız hamısı heyətə dönəcək. Bundan sonra fikrimcə, baş məşqçinin də imkanları çoxalacaq. Həm gənc əzmkar futbolçular, həm də təcrübəlilər komandaya daha çox kömək edəcəklər. 
– Heyətdə yeni 2 oyunçu var və baxışdan keçirlər. Baş məşqçi onlar haqqında sizə hər hansı fikir deyib?
– Yox. Onlar hələ ki, yenidirlər. Yəqin ki, qarşıdakı günlərdə onlar haqqında fikirlərini deyəcək. 
– Stadionda gördüyümüz qədərilə "Xəzər Lənkəran" yeni sponsor cəlb edib. "Xəzər Palace" restoranı klubunuza sponsorluq edəcək?
– Bu "Xəzər Lənkəran"ın strategiyasıdı. Fikrimcə, bütün klubların baş sponsordan başqa da sponsorları olmalıdı. Bu, kluba xeyir verəcək. Bu həm də azarkeşlərin cəlb edilməsi üçün yaxşı addımdı. Bizdə bundan öncə "Nar Mobile" var idi, indi də "Xəzər Palace". Bu şirkətlər azarkeşlərimizi özlərinə cəlb edir. 
Yayım məsələsini də qeyd etmək lazımdı. Bundan öncə heç belə keyfiyyətli yayım olmamışdı. Həmçinin azarkeşlər televiziyada oyuna baxanda görür ki, çox maraqlı görünür. Fikirləşir ki, bu qədər maraqlıdırsa, gedim mən də stadiondan baxım. Belə çəkiliş həmçinin hakimklərin də, futbolçuların da məsuliyyətin artırır. Hakim fikirləşir ki, müxtəlif rakurslardan epizodlara baxılacaq və onun səhvləri üzə çıxacaq. Futbolçu da düşünür ki, simulyuasiya edərəm və üzə çıxar. Bununla da məsuliyyətlər artır. Digər tərəfdən yayımın satışından klublar da pul qazanır. Bundan öncə isə dediklərimin heç biri yox idi. 
– "Nar Mobile"nin azarkeşlərə kontur paylamağı birmənalı qarşılanmadı. Bu aksiya belə fikirlər yaratdı ki, "Xəzər Lənkəran" azarkeşlərini meydana pul hesabına toplamaq istəyir. Amma biz bilirik ki, cənublu fanatlar komandalarını qarşılıqsın sevən sayılı azarkeşlərdəndi…
– Hər bir futbol klubu azarkeşlərini meydana öz oyunu ilə yığır. "Xəzər Lənkəran" "İnter"ə qarşı göstərdiyi oyuna görə azarkeşləri meydana yığdı. 2004-cü ildə biz stadionda bilet satanda hamı deyirdi ki, başqa oyunlarda pulsuzdu, Lənkəranda pullu. Məhz biletin pullu olması azarkeşlərin kluba dəyər verməsinə gətirib çıxardı. Onlar hər oyun bilet alıb, stadiona gəlirdilər. Başqa oyunlara 500-300 azarkeş gəlirdi, bizdə 15-20 min. Dünyada peşəkar klubların layihələri var ki, "Xəzər Lənkəran" onları Azərbaycanda həyata keçirməyə çalışır. 
– Bu qədər çalışsanız da, yeni mütəxəssislər cəlb etsəniz də, meydançanın vəziyyəti yaxşı deyil…
– Problemlər var, amma demək olmaz ki, bundan öncəki illər kimidi. Əvvəlki illərdə meydançanın otu tamamilə yanırdı. Bu il isə fərqlidi. Mütəxəssislər çox iş gördülər. Qarşıdakı oyunlarda gəlib, baxa bilərsiz ki, stadion əla vəziyyətdədi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp