Cari avrokubok mövsümünü Azərbaycan üçün bəlkə də ən uğurlu saymaq olar. Bu mövsüm ölkəmiz bir çox mənada fərqlənə bilib. Belə ki, ilk dəfə Avropa Liqasının qrup mərhələsində 2 klubla ("Qarabağ" və "Qəbələ") təmsil olunan ölkəmiz, həm də 1 mövsüm ərzində ən yüksək reytinq xalını (4.125) yığıb. 
Bu azmış kimi Azərbaycan cari mövsüm başqa bir ilkə də imza atacaq. Belə ki, FİFA referisi Əliyar Ağayev ÇL və ya AL-in qrup mərhələsinin oyunlarından birinə təyinat alacaq. 23 illik futbol tariximizdə heç vaxt hansısa hakimimiz belə yüksək nəticəyə imza atmayıb. 28 yaşlı referi bu mənada yenilik etmiş sayılacaq. Ağayevə kimi azərbaycanlı hakimlər ən yaxşı halda avrokubokların, Avropa və ya Dünya çempionarlarının təsnifat mərhələlərinin matçlarını idarə edib. Bunu nəzərə alsaq, Ağayevin gələcək təyinatını uğur saymaq olar. Ağayev işinin öhdəsindən yaxşı gələ bilsə, bu həm onun, həm də digər həmkarlarına gələcəkdə bu tip yarışların oyunlarını həvalə edilməsi baxımdan böyük təkan ola bilər. Bununla da UEFA-da azərbaycanlı referilərə inam yaranar.
Ağayevin karyerasına nəzər salsaq, görərik ki, fit sahibi indiyədək 21 beynəlxalq matçda ədaləti qoruyub. Onun ilk təyinatı 2013-cü ildə 17 yaşlı futbolçular arasında keçirilən Avropa Çempionatının elit raundu çərçivəsində Almaniya və Estoniya yığmaları arasında keçirilən qarşılaşma olub. Ümumiyyətlə, referi UEFA Gənclər Liqasının qrup, ÇL və AL-in, həmçinin müxtəlif yaş qrupları üzrə təsnifat mərhələlərində ədaləti qoruyub. O, idarə etdiyi görüşlərdə futbolçulara 88 sarı, 7 qırmızı vərəqə göstərib. Bundan başqa, Əliyar 7 dəfə də qapılara penalti təyin edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp