Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Qara Qarayev “Keşlə”yə 5:1 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XIII tur oyunundan sonra brifinq keçirib.

Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi əvvəlcə 2020-ci il Avropa çempionatının püşkünü dəyərləndirib:

– Komandaların gücünə real yanaşmalıyıq. Gərək heç bir şey bizi aldatmasın. Xorvatiya ilə bir dəfə oynamışıq. Evdə uğur qazanmışıq, amma digərləri ilə uzun müddətdir ki, qarşılaşmamışıq. Slovakiya və Macarıstanla oyunlar yadıma gəlmir. İşimiz çox çətin olacaq. Çalışacağıq ki, bacardığımız qədər çox xal yığaq.

– Hər halda qrupdan çıxmaq haqqında düşünmək çox real deyil…
– Sizinlə razılaşıram. Oturub burda danışaq ki, "bağ belə, bostan belə”, amma fakt budu ki, çox çətin qrupdayıq. Bəlkə 6 komandalı qrupda olsaydıq, bizim səviyyəmizdə daha bir komanda olsaydı, daha çox xal toplaya bilərdik.

– İlk oyun Xorvatiyada olacaq. Tariximizdə 0:6 nəticəsi var. Bunu düşünüb təşvişə düşürsünüzmü?
– Elə düşünmürəm. 4 il əvvəl böyük hesabla uduzsaq da, indi əlimizdən gələni edəcəyik ki, uğur qazanaq, oynayaq. Nəinki Xorvatiya, bütün səfər matçlarından yaxşı nəticə ilə gəlmək istəyirik. 

– Yeni imicinizlə bağlı nə deyə bilərsiniz?
– Məncə, bunun müzakirəyə çıxarılması doğru deyil. Saçdır da, kəsdirdim, vəssalam. Sabah sarı gödəkçə geyinsəm, bu da xəbər olacaq? Gözləməzdim bu qədər diqqət çəksin, düşünmürdüm. Bilsəydim, bu qədər adam paylaşacaq, danışacaq, heç etməzdim. İndiki zamanda daha çox idmanla, özümüzlə bağlı düşünməliyik. Saç, imic kimi mövzular ikinci dərəcəlidi. (Sportnet)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp