AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik yenə danışdı. Hər tur reallaşan ciddi hakim səhvlərindən sonra dili açılan avstriyalı bu dəfə “Zirə” – “Sabah” oyunundakı mübahisəli qərara münasibət bildirməli oldu.

Əslində, qonaqların vurduğu qolda mübahisəli nəsə yox idi, hakimlər mövsüm başlayanı hədəf seçdiyi “Zirə”yə növbəti zərbəni vurdular. Stuxliksə bu qərəzli qərarı malalamağa cəhd etdi: “Sabah”la oyunda “Zirə”nin qapısına vurulan qolla bağlı fərqli fikirlərim var. Çünki təkrarlar epizodla bağlı aşkar dəlillər vermir. Bu, həm də o deməkdir ki, Azərbaycanda VAR sistemi tətbiq olunsaydı belə, bu görüntülərlə müdaxilə edilə bilməzdi. Çünki bu, hakimin yozumuna qalan məsələdir. Sadəcə, aydınlıq gətirmək üçün onu deyə bilərəm ki, qapıçı meydançası qolkiperə heç bir xüsusi səlahiyyət vermir, onu qorumur”.

Bu, gələcək qalmaqallarda ediləcək bəhanələrin anonsudu. Stuxlik demək istəyir ki, VAR tətbiq olunandan sonra da səhvlər sıralanacaq. Səbəb isə epizodun “CBC Sport”un kameralarına müxtəlif rakurslardan düşməməsidi. Bir çəkiliş bucağına görə qəti qərar vermək olmur. Yəni sabah VAR olanda da sədr eyni bəhanələrlə özünü söğortalayacaq.

Amma PFL-in kamerlarına düşən görüntülər başqadı. Telekanallarda nümayiş olunan fərqli rakurs görüntülərindən hakimlərin səhvi, rəqib oyunçunun qapıçıya qarşı kobudluğu aşkar görünür. Deməli, işlər düzgün qurulsa, yayım peşəkarlara tapşırılsa, VAR-da belə səhvləri gizlətmək mümkün olmayacaq.

Stuxlik özünü təmizə çıxarmaq üçün yayımçı şirkəti, AFFA-nın idarəsində olan “CBC Sport”u “vurur”. Əslində, VAR tətbiq olunarkən bu kanalın da işi çətinləşəcək. Texniki imkanları yaxşılaşdırmaq, oyunlarda daha çox kameranın xidmətindən istifadə etmək lazım gələcək. Bu baxımdan Stuxlik haqlıdı, amma onun bəhanə gətirib vəziyyətdən çıxmaq üçün sətiraltı “CBC Sport”u nişan verməsi maraq doğurur.

Doğrusu, hər tur mübahisəli epizodların ya “CBC Sport” kameralarına düşməməsi, ya da gizlədilməsi PFL-i ön plana çıxarır. Hamı onlardan daha dəqiq görüntülər gözləyir. Görünən odur ki, bu qurumun operatorları daha peşəkardı və kameraları stadionda daha düzgün quraşdırırlar. O zaman telekanalın PFL-lə imkanları niyə birləşdirmədiyi sual doğurur. Olmazmı efiri daha keyfiyyətli etmək üçün bütün potensial səfərbər edilsin?

Sədr ilk 4 turun 3-də “Zirə”yə qarşı hakim səhvlərinin şübhələrə yol açdığına dair iddiaları isə şərh etmək istəməyib: “UEFA Konvensiyasına uyğun olaraq, ictimaiyyətə hakimin qərarının düz və ya səhv olması barədə açıqlama verməyi düşünmürəm. Əvvəllər yalnız VAR müdaxiləsinin mümkün olub-olmadığı ilə bağlı məlumat vermişəm. Ümumi göstərici normaldır. Amma bəzi səhvlərin də şahidi oluruq”.

Stuxlik aktyorluq edir, çətinə düşəndə UEFA Konvensiyasını qalxana çevirir. Halbuki elə ötən tur “Sabah”a qarşı hakim səhvini dolayısı ilə etiraf etmşdi. Onun ümumi göstəriciləri normal hesab etməsi isə qəbulolunmazdı. Az qala hər matçda 3-4 ciddi, nəticəyə təsir edən hakim səhvləri olur. Bu durum Fritsi qane edirsə, deməli, beyin hüceyrələri tamamilə məhv olub, ya postunu qorumaq üçün hiyləgərlik edir, ya da milləti avam yerinə qoyur.

CAVAD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp