AFFA İcraiyyə Komitəsinin dünənki qərarlarında natamamlıq yəqin, diqqətinizdən yayınmadı. Aşağı yaş qrupları üzrə millilərlə bağlı təyinatlar tam deyildi. 3 millinin yeni baş məşqçiləri bəlli oldusa, digərləri yaddan çıxdı.

Komitənin qərarına əsasən, U-15/U-16 Füzuli Məmmədova, U-17 Elxan Abdullayevə, U-18 Aqil Nəbiyevə tapşırıldı. Bəs, U-19, U-20, U-21?

Araşdırdıq və bəlli oldu ki, bu komandaların baş məşqçilərinin müqaviləsi iyunda başa çatır. Ona görə də onlarla bağlı qərar verilməyib, sadəcə, vakant postlara təyinatlar reallaşıb. Xüsusən Milan Obradoviçdən ciddi narazılıq var. Amma U-21-in serb çalışdırıcısı tsiklin sonuna kimi işinin başında olacaq. O, vaxtında ağıllı tərpənib, müqaviləsinə bənd saldırıb, indi postundan erkən qovulsa, AFFA böyük təzminat ödəməlidi. Ona görə uğursuz nəticələrə rəğmən, Milan iyuna kimi yığmada qalacaq.

U-20-nin vəziyyəti qarışıqdı. Bu komanda nəinki yarışlara getmir, hətta Samir Əliyevin yetirmələri üçün hazırlıq toplanışları da təşkil edilmir. Ona görə bu məşqçini nədəsə qınamaları mümkün deyil, iyuna kimi gözləyəcəklər və qismət olsa, Əliyev Obradoviçə xələf olacaq.

U-19 İcraiyyə Komitəsinin qərarlarının ən müəmmalı məqamıdı. Son seçmə mərhələdə bu komandaya Elxan Abdullayev rəhbərlik edib. İki oyuna 11 top buraxan komandanın məşqçisini Lüksemburq üzərində qələbə xilas etdi və o, indi U-17-yə təyinat aldı. Bəs, onu U-19-da kim əvəz edəcək?

AFFA təyinatı gizlədir. Lakin “Futbolinfo”nun əldə etdiyi məlumata görə, bu komanda Miloş Velebitə tapşırılıb. 2019-cu ilin fevralından aşağı yaş qrup millilərimizə əlaqələndirici kimi rəhbərlik edən belçikalı hazırda bu komandanı formalaşdırmaqla məşğuldu. Onu gətirəndə milli komandalarımızda ümumi sistem tətbiq etməyi vəd edən AFFA, Velebitin bacarıqsızlığını görüncə ümumi iş yaddan çıxıb, onu müxtəlif komandalara baş məşqçi təyin ediblər.

Dünən Füzuli Məmmədova tapşırılan komanda, eləcə də U-18 ikisi birlikdə dünənədək Miloşun sərəncamında idi, Aqil Nəbiyevsə U-17-yə rəhbərlik edirdi. Bundan sonra isə Nəbiyev bir yaş böyük milliyə keçir, Velebitdən alınan 15-16 yaşlılarda Füzuli bəy çalışacaq. İyunda AFFA-yla müqaviləsi bitəcək belçikalı isə bu müddətdə U-19-u formalaşdırmağa cəhd edəcək.

AFFA bu təyinatı ona görə gizlədir ki, hansısa milli komandamızın növbəti dəfə əcnəbiyə tapşırıldığı fakti qabarmasın. Miloş koordinator təyin ediləndə bu yana millilərimizin nəticələri daha da pisləşib, indi müqavilənin qalan 6 ayı ərzində onu yola vermək lazımdı. Və nəticədə rəsmi qərar açıqlanmadan U-19 Miloşa tapşırılıb.

Assosiasiya rəsmiləri ötən mövsüm U-18-ə başçılıq etmiş Miloşun təyinatını açıqlamamasına izahat verə bilər. Komandanın futbolçuları bundan sonra bir yaş böyük yığmada oynayacağından onlarla birlikdə yığma dəyişən Velebitin təyinatının rəsmən açıqlanmasına gərək duyulmadığını demələri mümkündü. O zaman eyni üsulla U-17-ni U-18-ə dəyişən Aqil Nəbiyevin adı niyə rəsmi qərara salındı? AFFA-dakılar ağıllarına gələn oyunu oynaya bilər, amma diqqətli olanlar heç nəyi nəzərdən qaçırmır.

AĞA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp