Mövsüm sona yaxınlaşdıqca “Sabah” qızıl medallara, hücumçusu Coy-Lens Mikels isə bombardir adına yaxınlaşır.
Futbolinfo.az saytının məlumatına görə, almaniyalı forvard Misli Premyer Liqasında geridə qalan 27 turda aktivinə 19 qol yazdırıb. Bu matçların 21-də meydanda olan Mikels ən məhsuldar futbolçuların yarışında komanda yoldaşı Velko Şimiçi qabaqlayır. Serbiyalı hücumçunun aktivində 11 qol var.
“Sabah”ın qolçusu Azərbaycan çempionatları tarixinin (yarımçıq dayandırılan 2019-20 mövsümü nəzərə alınmadan) 13-cü legioner bombardiri olacaq.
Mikels geridə qalan 27 turda buna qədər keçirilən 32 mövsümün 15-də bombardir olan futbolçudan çox qol vurub. Mövsümün sonuna hələ 6 turun qaldığını nəzərə alsaq, almaniyalı qol sayını daha da artıra bilər.
“Sabah”ın qol ümidi daha iki dəfə fərqlənməyi bacarsa, mövsümü 20 və daha çox qolla tamamlayan 15-ci bombardir olacaq.
Qeyd edək ki, Azərbaycan çempionatlarında bir mövsümü ən çox qolla başa vuran oyunçu Nazim Əliyevdir. O, Sumqayıt “Xəzər”inin heyətində ilk mövsüm – yəni 1992 mövsümündə keçirdiyi 33 oyunda 39 qola imza atıb.






