“Araz-Naxçıvan”ın qapıçısı Tərlan Əhmədlinin futbolinfo.az saytına müsahibəsi
– Premyer Liqanın 27-ci turunda “Neftçi”yə uduzdunuz (1:2). Məğlubiyyətin səbəbini nədə görürsünüz?
– “Neftçi”yə uduzmağımızın əsas səbəbi epizodları düzgün dəyərləndirə bilməməyimiz və oyunun müəyyən anlarında konsentrasiyanı itirməyimiz oldu. Ümumilikdə pis oynamadıq. Amma belə matçlarda xırda səhvlər həlledici olur və rəqib bundan istifadə etdi.
– Maraqlıdır ki, 18-ci turdan etibarən “Araz-Naxçıvan” ardıcıl 2 oyun məğlub olur, sonra 2 oyun qalib gəlir və bu tendensiya bugünədək davam etməkdədir. Stabil çıxış etmək üçün komandada nə çatışmır?
– Komandamız potensial cəhətdən yaxşıdır. Amma hər oyunda eyni səviyyəni qorumaq üçün daha çox konsentrasiya və psixoloji dayanıqlılıq lazımdır.
– Növbəti turda 3-cü pillədə qərarlaşan “Turan Tovuz”u qəbul edəcəksiniz. Matçdan gözləntiniz nədir?
– “Turan Tovuz”a qarşı oyun çətin keçəcək. Rəqib turnir cədvəlində yuxarı pillələrdədir və hazırda yaxşı formadadır. Ancaq biz evdə oynayacağıq. Düzgün hazırlaşsaq, qələbə qazanmaq şansımız kifayət qədər yüksəkdir.
– “Araz-Naxçıvan” mövsümün sonuna 6 tur qalmış 39 xalla 6-cı pillədə qərarlaşıb və 4-cü pillədən 5 xal geridədir. Avrokuboklara vəsiqə qazanmaq missiyasının öhdəsindən gəlmək çətin görünmür?
– Mövsümün sonuna az qalsa da, 4-cü pillə ilə aradakı xal fərqi elə də böyük deyil. Hər şey öz əlimizdədir. Qarşıdakı oyunlarda maksimum nəticə toplasaq, avrokuboklara vəsiqə qazanmaq real görünür. Əsas məsələ stabilliyi qorumaqdır.
– 23-cü turda “Qarabağ”a ağır məğlubiyyətdən (0:6) sonra ardıcıl 4 oyundur ki, baş məşqçi Andrey Demçenko qapıda sizə şans verir. Bu matçlarda bir neçə seyvlə yadda qalmısınız. Öz çıxışınızı necə dəyərləndirirsiniz?
– “Qarabağ”la oyundan sonra etimad göstərilməsi mənim üçün motivasiyadır. Son matçlarda komandaya kömək edə bildiyim üçün şadam. Amma hər zaman daha yaxşısını etməyə çalışıram. Üzərimdə işləyirəm və formamı daha da yüksəltmək istəyirəm.
– Millinin yayda təlim-məşq toplanışı olacaq. “Araz-Naxçıvan”ın əsas heyətindəki yerinizi qoruyacağınız təqdirdə Ayxan Abbasovun sizi yığmaya dəvət edəcəyinə inanırsınız?
– Millinin baş məşqçisinin diqqətini çəkmək üçün ilk növbədə klubda stabil və yaxşı çıxış etmək lazımdır. Əgər bu performansı davam etdirə bilsəm, yığmaya dəvət almaq şansımın yüksək olduğuna inanıram. Milliyə çağırılmaq hər futbolçu kimi, mənim də əsas hədəflərimdən biridir.
ABBAS






