“Şamaxı”nın futbolçusu Abdullahi Şuaybunun futbolinfo.az saytına müsahibəsi
– Söhbətə “Qarabağ”la heç-heçə (0:0) etdiyiniz oyundan başlayaq. Rəqib ərazi üstünlüyünə sahib olaraq çoxlu qol epizodu yaratsa da, sonadək mübarizə apardınız və meydanı xalla tərk edə bildiniz…
– Hamı bilir ki, “Qarabağ”a qarşı oyun bizim üçün böyük matç deməkdir. Baş məşqçimiz heyətin hər bir üzvünə yaxşı motivasiya vermişdi. Ümumiyyətlə, Ayxan Abbasov bizi hər kəsə qarşı yaxşı hazırlaşdırır. “Qarabağ”dan xal aldığımız üçün sevincliyik. Buna görə məşqçilərimizə, oyunçularımıza və Allaha təşəkkür edirəm.
– “Şamaxı”nın cari mövsümdə bunaqədərki çıxışını necə dəyərləndirirsiniz?
– Ümumi götürdükdə müsbət qiymətləndirirəm. Düşünürəm ki, komandamızın bunaqədərki performansını yaxşı saya bilərik. Amma mövsüm hələ bitməyib. Sezonun sonuna qədər işimizi yaxşı görməyə davam etməliyik.
– Növbəti turda “Karvan-Yevlax”la qarşılaşacaqsınız. Sonuncu pillədə qərarlaşan və Premyer Liqanı tərk etməyə bir nömrəli namizəd olan komandaya qalib gələ biləcəksiniz?
– Məqsədimiz meydanı 3 xalla tərk etməkdir. İnşallah, əlimizdən gələni edəcəyik, qalanını isə Allaha buraxacağıq. Çünki o, bizə kömək edəndir.
– Hazırda 8-ci pillədə qərarlaşan “Şamaxı”nın mövsümün qalan 6 oyununda hədəfi nə olacaq? Sezonu daha yuxarı pillədə bitirməyə gücünüz çatacaq?
– Mövsümü hansı pillədə bitirəcəyimizə biz qərar vermirik. Təbii ki, daha yuxarı pillələrdə olmağı hər kəs istəyər. Sonadək mübarizə aparacaq, əlimizdən gələni edəcəyik.
– Baş məşqçi Ayxan Abbasov mövsümün sonunda “Şamaxı”dan ayrılacaq və ancaq millini çalışdıracaq. Onun gedişi bölgə təmsilçisinə mənfi təsir etməyəcək?
– Bu barədə heç nə deyə bilmərəm. Necə olacağını zaman göstərəcək.
– “Şamaxı” ilə ötən yay 1+1 illik müqavilə bağlamışdınız. Mövsümün sonunda sözləşmənizdəki +1 bəndi aktiv ediləcək? Rəhbərliklə aranızda bu barədə danışıq olubmu?
– Hazırda bütün diqqətimi qalan 6 oyuna yönəltmişəm. Bu matçlarda da komandama bacardığım qədər kömək etmək istəyirəm. Bundan əlavə, müqavilə məsələləri mənim işim deyil. Rəhbərlik belə məsələləri mənimlə deyil, menecerimlə danışır.
ABBAS






