“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 28-ci turu çərçivəsində səfərdə “Karvan-Yevlax”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Bilirdik ki, “Karvan-Yevlax” son matçlara final kimi baxır. Motivasiyaları yüksəkdir. Bundan öncəki matçda da əzmkarlıqları görünürdü, bu gün də göründü. Oyun əlimizdə idi, dominantlıq edirdik, amma qol vura bilmədik. Bir çox oyunlar var ki, bu məqamlarda axsadıq və uduzduq. Bəlkə də futbolçuların ustalığı çatışmadı. Çox işləməlidirlər. Buna baxmayaraq, isti havada 90 dəqiqə vuruşmaq, ruhdan düşməmək, hücum etmək, son saniyəyə qədər epizoda girmək yaxşı göstəricidir. İstəyərdik ki, qalib gələk və turnir cədvəlində irəliləyək. Olmadı. Qarşıdakı matçlara baxacağıq.
Hava isti idi, bu da imkan vermədi. Rəqib də tempi yüksəltməyimizi istəmirdi. Bu da normaldır. İkinci hissədə dəyişikliklər etdik, hücumameyilli oyunçular meydanda oldu. Amma bu da yetərli olmadı. Birinci hissədə də 3 real qol vəziyyətimiz var idi. Futboldur da, olur.
Motivasiya baxımından bizdə problem yox idi. Bu olmasaydı, komanda 90-cı dəqiqəyə qədər vuruşmazdı. Futbolçular hər şeyi etdilər. Sadəcə dediyim məqamlarda yetərli olmadı. Xüsusən də gənc futbolçuların epizodları var idi. Məşqlərdə də yaxşıdırlar. İşin öhdəsindən gəliblərsə, stressiz oyunlar olacaq. Rəqib isə daha mübarizəli görünə bilərdi”.






