“Karvan-Yevlax”ın portuqaliyalı qapıçısı Pedro Mateuşun futbolinfo.az saytına müsahibəsi
– 29-cu turda lider “Sabah”a uduzdunuz. Oyunu və nəticəni necə şərh edərdiniz?
– Bizim üçün çətin oyun olacağını bilirdik. “Sabah” hazırda liqada “Qarabağ”la birlikdə ən yaxşı futbol nümayiş etdirən komandadır. Təxminən 30-cu dəqiqədə aldığımız qırmızı vərəqə matçın gedişatını dəyişdi. Azlıqda qalmağa uyğunlaşmalı, daha çox müdafiə olunmalı idik və bu, fiziki baxımdan bizə baha başa gəldi. Amma mənə elə gəlir ki, bu, oyunu uduzmağımıza səbəb olan əsas amil deyildi. İkinci hissənin əvvəlində qol buraxmağımız vəziyyəti daha da çətinləşdirdi. Uduzsaq da, xarakter göstərdik və sonadək mübarizə apardıq.
– İlk hissədə xeyli sayda seyv etdiniz və sizin inamlı çıxışınız sayəsində “Karvan-Yevlax” fasiləyə bərabərliklə yollandı…
– Komandanı qoldan xilas etmək mənim rolumdur. “Sabah” çoxlu qol imkanı yaratdı. Fasiləyə 0:0 hesabı ilə getməyimizə kömək edə bildiyim üçün şadam. Amma bu, təkcə mənim deyil, kollektiv səylərin nəticəsi idi – komanda müdafiədə çox çalışdı, xüsusilə də 10 nəfərlə qaldıqdan sonra.
– “Sabah”ın ikinci qolunda Aron Maluda yaxın küncə zərbə vurdu. Həmin qolda səhvinizin olduğunu qəbul edirsiniz? O anda Maludanın yaxın küncə zərbə vuracağını gözləmirdiniz?
– Düzü, bunu səhv hesab etmirəm. Əlbəttə, qapıçı kimi həmişə bu vəziyyətləri analiz edir və hər dəfə daha yaxşı olmağa çalışırsan, amma bəzən rəqibə də haqq vermək lazımdır. Maluda topu ayağının çöl hissəsi ilə çox yaxşı vurdu, bu da trayektoriyanı oxumağı daha da çətinləşdirdi. Həqiqətən də, keyfiyyətli zərbə idi.
– Növbəti turda sizi “Neftçi” ilə oyun gözləyir. Sürpriz etməyə gücünüz çatacaq?
– Əlbəttə, gücümüz çatar. Çətin anlarda belə, özümüzə inanırıq. “Neftçi”nin güclü komanda olduğunu bilirik. Amma onlara qarşı yaxşı hazırlaşacaq və xal qazanmaq üçün mübarizə aparacağıq. Bu görüşə böyük ambisiya ilə çıxacağıq.
– Mövsümün sonuna cəmi 4 tur qalıb və 11-ci pillədəki “Qəbələ”dən 6 xal geri qalırsınız. Möcüzə edə, liqada qala biləcəksiniz?
– Bu, asan deyil, amma biz yenə də inanırıq. Hələ qazana biləcəyimiz xallar var və futbolda hər şey baş verə bilər. Bizim fokusumuz oyunlarımızı qazanmaq və son tura qədər mübarizə aparmaqdır. Nə qədər ki, riyazi şansımız var, təslim olmayacağıq.
– “Karvan-Yevlax”la müqavilənizin müddəti yayda bitəcək. Komanda zəif çıxış etsə də, siz inamlı oyununuzla Azərbaycanda adınızdan söz etdirməyi bacardınız. Digər klublarımızdan və ya başqa ölkələrdən təkliflər almısınız? Növbəti mövsümü harada keçirməyi planlaşdırırsınız?
– Mövsümün gedişində müqavilə məsələsi barədə danışmağı sevmirəm. Qarşıda hələ vacib oyunlarımız var, bu barədə danışmağım peşəkarcasına olmaz. Hazırda tam olaraq mövsümün sonuna qədər “Karvan-Yevlax”a kömək etməyə fokuslanmışam. Ondan sonra isə nə olacağını görəcəyik.
ABBAS





