Bu gün Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalı başlayıb.

Futbolinfo.az xəbər verir ki, 1-ci tura yarışın baş hakimi Faiq Həsənov tərəfindən start verilib.

Festival 3 qrupda – A, B və C qrupları üzrə təşkil olunur. Hər üç qrupda yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilir. Festival çərçivəsində eyni zamanda veteran şahmatçılar arasında Azərbaycan çempionatının partiyaları oynanılır.

Bakı Kristal Zalında keçirilən festivalın açılış mərasimi aprelin 30-da olacaq.

Yarışda 10 ölkədən 900-dən artıq şahmatçı iştirak edir. “Baku Open 2026” Beynəlxalq Şahmat Festivalının mükafat fondu 50 min ABŞ dollarıdır.

Yarışda sabiq dünya çempionu, Ümumdünya Şahmat Olimpiadasının ikiqat qalibi Ruslan Ponomaryov (Ukrayna), rapid üzrə dünya çempionu Danil Dubov (FIDE), şəxsi Avropa çempionatının mükafatçısı Nicat Abasov, 14 yaşlılar arasında Avropa çempionatının qalibi Xaqan Əhməd və digərləri mübarizə aparırlar.

Shares: