Misli Premyer Liqasının 29-cu turunda qapılara ümumilikdə 16 qol vuruldu. 6 görüşdən ikisində ev sahibləri, ikisində qonaqlar qələbəni bayram etdilər, digər iki qarşılaşmada isə heç-heçə qeydə alındı.
Turun qələbəsi
Əvvəlki 2 turda “Şamaxı” ilə heç-heçə edən və “Sabah”a uduzan “Qarabağ”ın son vaxtlar yaxşı formada olan “Neftçi” önündə də çətinlik çəkəcəyi proqnozlaşdırılırdı. Buna baxmayaraq, Ağdam klubu rəqibindən açıq-aşkar üstün oyun nümayiş etdirərək, Azərbaycan derbisində darmadağına sevindi. Əslində, ilk dəqiqələr “Qarabağ”ın əzəli rəqibinə böyük hesabla qalib gələcəyindən xəbər vermirdi. Lakin zaman keçdikcə təzyiqi artıran “köhlən atlar” bunun bəhrəsini gördülər. Fasiləyə 3:1 hesablı üstünlüklə yollanan Ağdam təmsilçisi ikinci hissədə daha 2 qol vuraraq darmadağını rəsmiləşdirdi.
Turun komandası
Uğursuz gedişata ötən tur son qoyan “Sumqayıt” 29-cu turdan da üzüağ çıxmağı bacardı. “Kimyaçılar”ın “İmişli” ilə səfər matçından qələbə ilə dönəcəyi o qədər də inandırıcı görünmürdü. Ancaq “gənclik şəhəri” təmsilçisi Qubadan 3 xalla qayıtmağı bacardı. 2:0 hesablı qələbəyə sevinən qonaqların oyunda penaltini qola çevirə bilmədiklərini də xatırladaq.
Turun məşqçisi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov son vaxtlardakı performans enişinə rəğmən, komandasını “Neftçi” ilə oyuna yaxşı hazırlaya bilmişdi. Bu səbəbdən “köhlən atlar” əzəli rəqibə şans vermədilər. Hətta Kadi Borges və Kamilo Duran kimi futbolçuların ehtiyatda qalması/son dəqiqələrdə meydana daxil olması inamlı görünən “Qarabağ”a zərrə qədər də problem yaratmadı.
Turun futbolçusu
Düzdür, “Sumqayıt”ın hücumçusu Aleksandr Ramalinqom da dubl ilə yadda qaldı. Ancaq bu turun ən yaxşı futbolçusu adına Musa Qurbanlı daha layiqdir. “Neftçi” ilə matçda əla təsir bağışlayan 24 yaşlı forvard 2 qol + 1 assistlə yekun nəticədə mühüm rol oynadı.
Turun qapıçısı
“Karvan-Yevlax”ın qapıçısı Pedro Mateuş “Sabah”la səfər matçında da öz bacarığını göstərə bildi. Qonaqların lider önündə ilk hissəni qol buraxmadan tamamlamasında məhz portuqaliyalı qolkiper mühüm rol oynadı. Mateuş bir neçə kritik seyvlə yadda qaldı. Düzdür, fasilədən sonra meydan sahibləri onun qoruduğu qapıya 2 dəfə yol tapa bildilər və Aron Maludanın yaxın küncə vurduğu qolda Mateuşun səhvi var idi. Ancaq bu məqamlar oyunu ümumilikdə yüksək səviyyədə keçirən Pedronun uğurlu performansına kölgə salmamalıdır.
Turun qolu
“Qarabağ”ın futbolçusu Joni Montielin “Neftçi” ilə matçda vurduğu hiyləgər zərbə baxımlı qolla nəticələndi. Ancaq onunla müqayisədə “Zirə”nin forvardı Davit Volkovun səfərdə “Turan Tovuz”a vurduğu qol estetik alınmaqla yanaşı, həm də nəticəyə daha çox təsir etdi. Gürcüstanlı hücumçu uzun ötürmədən sonra topu aşırma zərbə ilə Oleq Baklovun qoruduğu qapıdan keçirdi. Bu qol sayəsində “Zirə” Tovuz səfərindən 1 xalla qayıtmağı bacardı.
Turun antiqəhrəmanı
“Araz-Naxçıvan”ın müdafiəçisi Ömər Buludov “Qəbələ” ilə səfər matçında avtoqol müəllifi olsa da, “turun antiqəhrəmanı” adını İqor Ribeyro daha çox “haqq edir”. “Neftçi”nin braziliyalı stopperi “Qarabağ”la ev oyununda bərbad çıxış etdi. Musa Qurbanlını heç cür dayandıra bilməyən Ribeyro buraxdıqları sonuncu qol epizodunda isə Emmanuel Addainin önündə daha aciz vəziyyətə düşdü.
FƏRİD






