“Qəbələ” belə davam etsə, “Karvan-Yevlax” Premyer Liqada qalmaq uğrunda mübarizəni son turadək davam etdirəcək. Füzuli Məmmədovun yetirmələri bu gün evdə “Neftçi”ni yenərsə, xeyli ümidlənəcək, hətta bunu bacarmasa da, əsas rəqibinin daha çətin təqvimi üzündən inamını itirməyəcək.

Bu komandaların 32-ci turda Yevlaxda şəxsi görüşü var. Həmin qarşılaşma həlledici də ola bilər. “Qəbələ” həmin görüşü uduzsa, rəqib həm də psixoloji üstünlük qazanacaq. Bugünkü duruma görə “Qəbələ” 6 xal öndədir, amma “Karvan-Yevlax” bir oyun az keçirib.

Dünən Kaxaber Sxadadzenin yetirmələri Zirədə heç-heçəyə nail olsaydı, böyük üstünlük qazanacaqdı. Çünki bir xal da mövsümün sonunda həlledici ola bilər. Amma 4-cü pillə uğrunda mübarizə aparan qəsəbə təmsilçisi çətinliklə qələbə qolunu vurmağı bacardı. “Neftçi” ilə qiyabi mübarizə sonadək davam edəcək. Ola bilsin, “Qəbələ”ni yenməklə yevlaxlılara kömək edən “Zirə” elə bu komandadan hədiyyə alacaq. Bakılılar ötən tur “Qarabağ”ı yensə də, sabit oynamır və büdrəməsi mümkündür.

“Şamaxı”nın məğlubiyyəti də gözlənilən idi. “Sabah” çempionluğu təmin etsə də, qələbə seriyasını davam etdirmək niyyətində idi və bunu bacardılar. Ayxan Abbasovun yetirmələri öndəki rəqiblərin büdrəməsindən yararlanıb irəliləyə bilmədi. Əvəzində “İmişli” aradakı fərqi azaltdı.

“Sabah”ın məhsuldarlığı göz oxşayır. Çempion +51-lik top fərqi ilə xeyli öndədi. “Qarabağ” istisna olmaqla, heç bir komanda hətta bu qədər qol vurmayıb.

Hazırda çempionatda 3 əsas mübarizə məkanı var. Autsayderlər qrupundakı gərginlik bəllidir. “Qəbələ” həm sonuncu olmamaq, həm də “Kəpəz”i qabaqlayaraq pley-offdan yayınmaq niyyəti güdür. “Neftçi” ilə “Zirə” 4-cü pillə üçün döyüşürsə, “Qarabağ”la “Turan Tovuz”un da öz çəkişməsi var. Bu gün üz-üzə gələcək sonuncular 2-ci yer üçün bəlkə də həlledici döyüşə çıxacaq.

FƏRİD

Shares: