“Kəpəz”in kapitanı Dioqo Verdaskanın futbolinfo.az saytına müsahibəsi
– “Sumqayıt”la matçadək 4 oyun idi ki, çempionatda qələbə qazana bilmirdiniz. Bu gərginliyi üzərinizdən atmaq, tilsimi qırmaq çətin olmadı?
– Qalib gəlməli olduğumuzu bilirdik. Pley-off oyununa qalmamağımız özümüzdən asılıdır. “Sumqayıt”la görüşdə sonadək mübarizə apardıq və 3 xal qazandıq. Qələbə çalmaq bizim üçün çox vacib idi.
– “Sumqayıt” qapısına 2 penalti təyin edən referinin idarəçiliyindən narazı qaldı. Sizin penalti epizodları, ümumiyyətlə, bu görüşdəki hakimliklə bağlı fikriniz necədir?
– Hakim qərarları ilə bağlı heç bir şərhim yoxdur.
– “Kəpəz”in 11-ci pilləyə düşmək, mövsümün sonunda pley-off oynamaq ehtimalı hələ də qalmaqdadır. Bu məqam üzərinizdə əlavə təzyiq yaradırmı?
– Biz bu barədə düşünmürük. Hazırda “Qəbələ”dən 4 xal irəlidəyik. Mövsümü major notda bitirmək və “Kəpəz”i Premyer Liqada saxlamaq istəyirik.
– Növbəti turda “Sabah”ın qonağı olacaqsınız. Necə düşünürsünüz, rəqibin çempionluğu artıq təmin etməsi sizin bu oyunda xal qazanmaq şansınızı artırırmı?
– Bu məqamın bizə üstünlük verdiyini düşünmürəm. “Sabah” yaxşı komandadır, bunu sübut etdilər və məhz buna görə çempion oldular. Bilirik ki, çətin oyun olacaq. Buna baxmayaraq, hər görüşdə etdiyimiz kimi, üç xal uğrunda mübarizə aparacağıq. Hər bir komandanı məğlub edə biləcəyimizi artıq sübut etmişik, yenə buna çalışacağıq.
– “Kəpəz”in 30 turluq çıxışını ümumilikdə necə dəyərləndirirsiniz? Daha yuxarı pillələrdə qərarlaşmağınıza nə mane oldu?
– Çətin bir mövsüm keçirdik. Mən gələndə komanda oyunları uduzurdu. Amma baş məşqçi Azər Bağırovun gəlişi ilə işlər yaxşıya doğru dəyişdi. “Kəpəz”i sonuncu yerdən və pley-off zonasından çıxara bildik. Ümid edirəm ki, gələn sezon turnir cədvəlinin aşağı yox, yuxarı pillələrində qərarlaşacağıq.
– “Kəpəz”lə müqaviləniz cari mövsümün sonunda bitir. Rəhbərlik sizinlə yeni sözləşmə haqda danışıqlara başlayıb? Başqa klublardan da təklifləriniz varmı?
– Hazırda bütün diqqətimi “Kəpəz”lə mövsümü güclü başa vurmağa yönəltmişəm. Növbəti sezonla bağlı hələ heç bir müzakirə aparılmayıb. Digər klublara gəlincə, futbolda hər zaman müəyyən maraq və söz-söhbət olur, amma hazırda əsas prioritetim çıxışıma fokuslanmaq və komandanın məqsədlərinə çatmasına kömək etməkdir. Mövsümün sonunda nə olacağını görəcəyik.
AĞA






