Peşəkar Futbol Liqası yekun qərarını verməyib. Qurum Misli Premyer Liqasında mübarizə aparacaq sonuncu iştirakçını müəyyənləşdirəcək matçın harada keçiriləcəyini hələ açıqlamayıb.
Futbolinfo.az xəbər verir ki, elitada 11-ci yeri tutan “Qəbələ” həlledici görüşdə I Liqanın ikincisi ilə üz-üzə gələcək. Həmin komanda bu gün baş tutacaq “Mingəçevir” – “Səbail” oyunundan sonra bəlli olacaq. Meydan sahibləri qələbə qazanacağı, “Səbail” isə uduzmayacağı halda, pley-offun digər iştirakçısına çevriləcək.
Mayın 28-də reallaşması planlanan oyun üçün arena seçimi üçün müzakirələr aparılır. PFL Mehdi Hüseynzadə adına Sumqayıt stadionu və Mərdəkandakı “Dağa Arena” arasında seçim edir. Pley-off görüşü böyük ehtimalla bu iki idman qurğusundan birində baş tutacaq. Lakin “Palms Sports Arena” variantı da diqqətdədir.
PFL yekun qərarını “Mingəçevir” – “Səbail” görüşü bitdikdən sonra verməlidir.






