Əvəzedicilər Liqası ləğv olunmayacaq. AFFA əksər klubların oynamaq istəmədiyi yarışı davam etdirmək qərarına gəlib.

Futbolinfo.az xəbər verir ki, bir müddətdir Misli Premyer Liqasında çıxış edən klubların əvəzediciləri arasında keçirilən yarışın ləğvi gündəmdə idi. Az qala hər gün bu barədə müzakirələr aparılır, sözügedən komandaların saxlanılmasının yersiz xərc olduğu iddia edilirdi. Bu, futbolun inkişafını yox, daha çox büdcəsini düşünən, dövlətin ayırdığı maliyyəni yeni oyunçuların yetişdirilməsinə deyil, legioner transferinə sovurmaq istəyən klubların istəyi idi.

Amma AFFA “Qarabağ”, “Sabah” və “Neftçi” kimi aparıcı klubların mövqeyini dəstəkləməyi lazım bilib. İcraiyyə Komitəsində rəsmi qərar verilməsə də, daxili müzakirələrin yekununda Əvəzedicilər Liqasının davam etdirilməsi lazım bilinib.

Ümumiyyətlə, əldə etdiyimiz məlumata görə, bütün yarışlar yeni mövsümdə də olduğu kimi saxlanılacaq. Yalnız say və iştirakçı komandalarla bağlı dəyişikliklər mümkündür. Premyer Liqada komanda sayının 14-ə qaldırılması da məsləhət bilnməyib. Bu barədə istək olub, lakin infrastruktur yetərsizliyi, stadion çatışmazlığı nəzərə alınaraq indiki sayın saxlanılmasına qərar verilib.

Shares: