“Araz-Naxçıvan” yeni məşqçiyə tapşırılır. Klub rəhbərliyi mövsüm bitən kimi seçimini rəsmən açıqlayacaq.
Futbolinfo.az xəbər verir ki, sabah “Zirə” ilə baş tutacaq çempionat oyunu Andrey Demçenko üçün sonuncu olacaq. Qışda Elmar Baxşıyevin yerinə təyinat alan və “5 ay + 1 il” şərti ilə müqavilə bağlayan ukraynalının yola salınması qərara alınıb. Bu səbəbdən “+ 1 il” bəndi aktivləşdirilməyəcək.
Klubun idman direktoru Ceyhun Sultanov Demçenkonun əvəzinə indi yerli məşqçini komandaya gətirir. “Səbail”də uğursuz çıxışından sonra istefaya göndərilən Cavid Hüseynov “Araz-Naxçıvan”ın yeni baş məşqçisi olacaq. Onunla bir illik müqavilə bağlanmalıdır.
Hüseynovun Naxçıvan klubunda işi asan olmayacaq. Əksər legionerləri yola salacaq rəhbərlik məşqçinin yeni heyət qurmasını istəyib. Ona əvvəlki qədər büdcə verilməyəcək. Muxtar respublika təmsilçisi dövlətdən ayrılan 2,5 milyon manatlıq yardım və sponsorlardan gələcək əlavə bir milyonla mövsümü başa vurmalıdır.
Ümumiyyətlə, yayda bir neçə məşqçi yeni işə başlayacaq. “Kəpəz” Azər Bağırovu əvəzləmək üçün Elmar Baxşıyevlə danışıq aparır. Bağırov özü isə yığma komandaya görə “Şamaxı”dan ayrılan Ayxan Abbasovu əvəz edəcək. “Şəfa” da Elgiz Kərəmlini Zaur Həşimovla əvəzləmək niyyətindədir.







