“Klubdan ayrılmağım mənim üçün də gözlənilməz oldu. Çünki planlar başqa idi. Bu məsələdən hətta Rahid Əmirquliyevin də xəbəri yox idi”.

Bunu “Şahdağ Qusar”dan ayrılan Elnur Abdullayev deyib.

Mütəxəssis klubdan gedişinin səbəbinin ona da açıqlanmadığını bildirib:

“Rahid Əmirquliyevlə birlikdə iclasa qatıldıq. Orada klub prezidenti Samir Xeyirbəyov qərarı açıqladı. Dəqiq səbəbi bilmirəm. Belə qərar verildi. Hər halda həyat davam edir. Alnım açıq, üzüm ağdır”.

Abdullayev rəhbərlik tərəfindən qarşıya qoyulan bütün hədəfləri yerinə yetirdiklərini vurğulayıb:

“Komandaya gələndə məqsəd II Liqada çempionluq idi və mövsümün sonunda buna nail olduq. Sonradan klubun çətin vəziyyətə düşdüyü, hətta dağılmaq təhlükəsi ilə üzləşdiyi deyilirdi. Belə məqamda komandanı yarı yolda qoymaq istəmədim. Həm Rahid Əmirquliyevə, həm də bizdən nəticə gözləyən azarkeşlərə görə getmədim. Çox ağır şəraitdə çalışdıq. Gənc futbolçularla I Liqaya başladıq. İlk dövrə çətin keçsə də, sonradan heyətdə müəyyən dəyişikliklər edildi və ikinci hissədə komanda tam fərqli çıxış sərgilədi. Qarşıya sadəcə liqada qalmaq məqsədi qoyulmuşdu. Hətta 8-ci yeri tutsaq belə, buna normal baxılacaqdı. Amma məşqçilər korpusu, futbolçular və Rahid Əmirquliyevlə birlikdə daha yüksək nəticə üçün çalışdıq.

İkinci dövrədə 31 xal toplayaraq ən yaxşı göstəricilərdən birinə imza atdıq. Komanda həm nəticə, həm də oyun baxımından liqanın seçilən kollektivlərindən idi. Mövsümün sonunda baş verənlər isə fərqli oldu. Səbəbini özüm də bilmirəm”.

O, sonda komandaya dəstək olan hər kəsə təşəkkür edib:

“Futbolçularıma, məşqçi heyətinə, Rahid Əmirquliyevə və Qusar azarkeşlərinə minnətdaram. Hər zaman yanımızda oldular. Hər kəsə uğurlar arzulayıram”.

Elnur Abdullayev yaxın vaxtlarda yeni iş yerinin müəyyənləşəcəyini də söyləyib:

“Təkliflər var. Həm I Liqadan, həm də II Liqadan maraqlanan klublar mövcuddur. Yaxın günlərdə qərarımı verəcəyəm”.

Qeyd edək ki, “Şahdağ Qusar” mövsümü I Liqada 43 xalla 5-ci pillədə başa vurub.

Shares: