“Azər Bağırovun baş məşqçi kimi qarşısına komandanı Premyer Liqada saxlamaq hədəfi qoyulub. Sözsüz ki, mütəxəssis bu məsuliyyəti öz üzərinə götürüb”. Bunu futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın baş meneceri Kamran İsmayılov deyib.
Klub rəsmisi Bağırovun təyinatı və qarşıya qoyulan vəzifə ilə bağlı danışıb: “Bizim klubun bəlli büdcəsi var. Adekvat insanlarıq və başa düşürük ki, bu büdcə ilə əsas məqsəd komandanı elitada saxlamaqdır. Məşqçi ilə də məsələ danışılıb və o, bunu bilir. Təəssüf ki, büdcə baxımından hazırda başqa məqsəd qoymağımız düzgün olmaz. Biz də, məşqçi də bunu başa düşürük”.
İsmayılov seçimin niyə 40 yaşlı mütəxəssisin üzərində edilməsini belə şərh edib: “Namizəd çox idi. Təbii ki, bir neçə mütəxəssis üzərində düşünürdük. Amma seçimimiz Azər Bağırov oldu. Oturub danışdıq və gördük ki, bir çox məsələlərdə həmfikirik. Komandanın inkişafı, strategiyası ilə bağlı baxışlarımız üst-üstə düşür. Eyni zamanda maddi məsələlərdə də razılığa gəldik. Həm bizim baş məşqçiyə, həm də onun komandaya inamı var. Məsləhətləşdik və bu yola birlikdə başlamağa qərar verdik. Üstəlik, Azər müəllim Azərbaycanın təcrübəli və özünü sübut etmiş məşqçilərindən biridir. Ona görə də anlaşdıq. Sevinirəm ki, belə bir baş məşqçi bizim klubda çalışacaq”.
Qeyd edək ki, “Şamaxı” Azər Bağırovla 3 illik müqavilə imzalayıb.






