“Turan Tovuz”un avrokubokdan kənar qalmasının detalları bəlli olur. UEFA-nın qərbliləri Konfrans Liqasından uzaqlaşdırması rəsmiləşdikdən sonra günahkarlar da müəyyənləşir.

Klub rəsmilərinin kənarda səbəb axtarması, azarkeşləri səhv yönəltməsi əbəsdir. Səbəbkarlar bəllidir.

2019-cu ildə UEFA-dan gələn cəza məktubu həm AFFA-da, həm də klubda var. Assosiasiya klubu xəbərdar etməyə borclu deyil, həmin sənədin keçmiş rəhbərliyin vaxtında gəldiyini nəzərə alsaq, yenilərin ümumiyyətlə məsələdən xəbərdar olmaması mümkündür. Klub isə məsələdə birbaşa günahkardır – səhlənkarlıq edilib və indi bunun cəzasını çəkirlər.

Məsələ ondadır ki, “Turan Tovuz”un indiki rəhbərliyi klubu təhvil alarkən onun problemləri ilə maraqlanmalı, AFFA-ya, UEFA-ya sorğu göndərməli, “təmizlik kağız”ı almalıydılar. Bunu etsəydilər, “10 il müddətində bir dəfə avrokuboka qazanılmış vəsiqənin ləğv ediləcəyi” barədə qərarı da əldə edərdilər. O zaman ya CAS-a erkən müraciət edib cəzanı ləğv etdirər, ya da bu qədər xərcə düşməzdilər, 10 ilin bitməsini gözləyərdilər. Səhlənkarlıq, səriştəsizlik, hüquqi prosedurlara barmaqarası münasibət bütün əziyyətin boşa getməsi ilə nəticələndi.

Birinci günahkar Oqtay Abdullayevdir. Hazırda da klubda vəzifə tutan bu şəxs cəzaya səbəb olan hadisələrin baş verdiyi 2019-cu ildə “Turan Tovuz”un Müşahidə Şurasının sədri, birbaşa idarəçi idi. Onun məktubdan xəbərdar olmaması mümkünsüzdür, yəqn ki, şərik olduğu Elxan Məmmədovla birlikdə sənədi gizlətməyin biabırçılıqdan qurtulmağa çarə olacağını düşünüblər. Bəlkə də ciddiyə almayıb, ya səhlənkarlıq edərək önəm verməyib, ya da məsələnin mühümlüyünü anlamaq üçün savadı yetməyib. Üstəlik, yeni rəhbərliyi də məlumatlandırmayıb. İndi onun qarğış dolu açıqlama verməsi, özünü təmizə çıxartmağa çalışması əbəsdir.

Foto24 - Futbolinfo.az

İkinci günahkar Tural Piriyevdir. Futbolun İnkişaf Fondunun rəhbəri problemli klubu Ehtiram Quliyevə sırımağı bacarıb. Həmin qalmaqallı hadisələr vaxtı o da AFFA-da işləyib, məsələlərdən xəbərdar olub. Reallıqları bilə-bilə “Turan Tovuz”u yeni sponsorlara vermək, üstəlik, onları məlumatlandırmamaq suç ortağı olmaq deməkdir.

img 6922 - Futbolinfo.az

Üçüncü və əsas günahkar isə Ehtiram Quliyevdir. “Turan Tovuz”un İdarə Heyətinin rəhbəri təhvil aldığı klubun problemlər ilə maraqlanmayıb. Onun yığdığı idarəçi komandanın bacarıqsızlığı indi onun özünü çətin vəziyyətdə qoyub, milyonların havaya sovrulması ilə nəticələnib.

182677 2g4yc1jra2 - Futbolinfo.az

Bu hadisə hamıya dərs olmalıdır. “Turan Tovuz”un başına gələnlərdən sonra digər klublarımız özünə növbəti dəfə nəzər salmaq əziyyətinə qatlaşmalıdır. Bəlkə eyni səriştəsizliklə idarə olunan başqa klublar da var?..

ABBAS

Shares: