Amerikalı döyüşçü Bryus Mitçell ABŞ hökumətinin Ağ Evdə UFC turniri keçirmək planını tənqid edib. Mitçell bildirib ki, hökumət bu cür idman tədbirlərinin təşkilində iştirak etməklə öz funksiyalarından kənara çıxır.
Onun sözlərinə görə, hökumətin əsas vəzifəsi əyləncə tədbirləri təşkil etmək yox, xalqa xidmət etmək və vətəndaşları qorumaqdır: “Düşünürəm ki, hökumətimiz belə idman tədbirləri ilə özünü gözdən salır. Hökumət xalqı qorumağa və ona xidmət etməyə borcludur. Onun rolu mümkün qədər məhdud olmalıdır. İdman tədbirləri keçirmək isə hökumətin mövcudluq məqsədindən kənardır. Vergilərimiz və resurslarımız bu cür layihələrə sərf olunur”.
Döyüşçü qeyd edib ki, onun tənqidi UFC-yə yönəlməyib. O, təşkilatın rəhbəri Dana Uayt və digər rəhbər şəxslərə hörmətlə yanaşdığını bildirib: “Bu, bənzəri olmayan bir hadisədir və bəlkə də ömürdə bir dəfə baş verir. Lakin hesab edirəm ki, onsuz da korrupsiyalaşmış hökumət idman tədbirləri keçirməməlidir, çünki bu, korrupsiya üçün əlavə imkanlar yaradır. Hökumət bizi əyləndirməli deyil, qorumalıdır”.
Qeyd edək ki, UFC turniri iyunun 15-də Ağ Ev kompleksinin cənub qazonunda keçiriləcək.






