“Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət etməyə hazırlaşır. Buna səbəb bölgə təmsilçisinin bakılılara ödəməli olduğu vəsaiti köçürməməsidir.
İki klub arasında ötən il aprelin 1-də U-17 və U-19 komandalarına görə əməkdaşlıq müqaviləsi bağlanıb. Anlaşmanın imzalanmasına səbəb “Karvan-Yevlax”ın Premyer Liqada çıxış etmək üçün müvafiq lisenziyanı almasıdır. Elita təmsilçisinin aşağı yağ qruplarında minimum iki yaş qrupu üzrə komandası olmalı idi. Lakin “Karvan-Yevlax”ın aşağı yaş qrupları üzrə komandaları mövcud olmadığı üçün “Dinamo” ilə əməkdaşlıq müqaviləsi bağlanmış və həmin meyarların tələbləri yerinə yetirilmişdi. Bununla da bölgə təmsilçisi Misli Premyer Liqasında çıxış etmək üçün lisenziya qazanmışdı.
Müqaviləyə əsasən, “Karvan-Yevlax” “Dinamo” klubuna hər ay müəyyən vəsait ödəməli idi. Amma bölgə təmsilçisi özü Premyer Liqada iştirak edərkən AFFA-dan yardım kimi gənclər komandalarına görə illik yarım milyon manat alsa da, “Dinamo”ya verilməli olan vəsaiti “unudub”. Uzun mübahisələrdən sonra problem qismən həllini tapıb. Halbuki bu məbləğ yardımın heç 1/10-ni də təşkil etmir.
İndi isə “Dinamo” “Karvan-Yevlax”dan əlavə maliyyə tələb edir. Məlum olduğu kimi, “Qarabağ”ın UEFA Çempionlar Liqasında çıxışına görə Misli Premyer Liqasında çıxış edən digər 11 klubun hər birinə UEFA həmrəylik proqramı çərçivəsində 1,6 milyon manat vəsait ödənib. “Karvan-Yevlax”la “Dinamo” arasında bağlanmış əməkdaşlıq müqaviləsinə görə UEFA-dan daxil olacaq vəsaitin 9.6 faizinin ekvivalenti qədər məbləğ qarşı tərəfə ödənilməlidir. Lakin bu günə qədər Yevlax təmsilçisi “Dinamo” qarşısında öhdəliyini təmin etməyib.
Bu günlərdə “Dinamo” klubu növbəti dəfə ödənişin təmin edilməsi ilə bağlı qarşı tərəfə müraciət edib. Bildirilib ki, əgər “Karvan-Yevlax” ödənişi təmin etməsə, “Dinamo” AFFA və UEFA-ya şikayət edəcək.
“Dinamo”nun tələbi başadüşüləndir. Ötən il tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanmasaydı, Yevlax klubu da Premyer Liqada iştirak hüququ qazanmayacaq, belədə avtomatik olaraq 1,6 milyon manatı əldə edə bilməyəcəkdi.
Yevlaxlılar Premyer Liqada bir il keçirib aşağı liqaya döndü. UEFA-dan ayrılan məbləğin hansı istiqamətdə xərclənəcəyi müəmmalıdır. Çünki I Liqada klubların hər birinə illik 250 min manat dövlət yardımı ayrılır. “Qarabağ”a görə ödənilən pul isə bonusdur, bölgə klubunun rəhbərliyi həmin vəsaiti havaya sovuracaq. Uşaq futbolunun inkişafına xidmət edən “Dinamo”nun öz payını tələb etməsi tamamilə doğrudur.






