UFC-nin yüngül çəkidə məğlubedilməz çempionu İliya Topuriya peşəkar boksçu Rayan Qarsiya barədə sərt fikirlər səsləndirib.
Gürcü əsilli ispaniyalı döyüşçü WBC versiyası üzrə yarımorta çəkidə dünya çempionu olan amerikalı boksçunu dopinq istifadəsinə görə tənqid edib: “Hazırda boks dünyasında çoxlu saxta idmançılar var. Boksçular rinqə yalnız qələbə qazanmaq üçün çıxırlar. Sanki xal toplayırlar və qalib gəlmək üçün hər yola əl atmağa hazırdırlar. Məsələn, Rayan Qarsiyanı götürək. O, bu səviyyədə steroidlərdən istifadə edənlərdəndir. Bu, çox pisdir. Sən idmanı, əsl qələbəni və bizim idmançı olaraq insanlara aşılamaq istədiyimiz dəyərləri təmsil etmirsən”.
Qeyd edək ki, 29 yaşlı İliya Topuriya peşəkar MMA karyerasına 2015-ci ilin aprelində başlayıb. O, 2020-ci ilin oktyabrından etibarən UFC-də çıxış edir. Topuriyanın aktivində 17 qələbə var. Bu qələbələrin yalnız ikisi hakimlərin qərarı ilə qeydə alınıb.






