UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Sabah”ın rəqibi olan TNS (The New Saints) Uels futbolunun ən tanınmış və uğurlu klublarından biridir. Hazırda İngiltərənin Şropşir qraflığının Osvestri şəhərində fəaliyyət göstərsə də, klub Uels futbol sistemində çıxış edir və ölkə çempionatının rekordçusudur.

TNS indiyədək 18 dəfə Uels çempionu olub və son 20 ildən artıq müddətdə ölkə futbolunda dominant qüvvəyə çevrilib. Komanda 2001/2002 mövsümündən bəri demək olar ki, hər il çempion və ya vitse-çempion olub.

Klubun tarixi 1959-cu ildə Uelsin Lansantffreyd-im-Meksayn məntəqəsində yaradılan “Llansantffraid FC”ya gedib çıxır. Aşağı liqalardan yüksələn kollektiv 1990-cı illərin əvvəllərində Uelsin elit futboluna vəsiqə qazanıb və qısa müddətdə ölkə kubokunu da qazanaraq avrokuboklarda debüt edib.

1997-ci ildə Osvestridə yerləşən “Total Network Solutions” kompüter şirkəti klubun əsas sponsoru olub. Tərəflər arasında imzalanan müqavilədən sonra komandanın adı əvvəlcə “Total Network Solutions Llansantffraid”, daha sonra isə sadəcə “Total Network Solutions” olaraq dəyişdirilib. Bu, Böyük Britaniya futbolunda sponsorun adını tam şəkildə daşıyan ilk klub nümunələrindən biri idi. UEFA yarışlarında isə klub qısaldılmış TNS adı ilə çıxış edirdi.

2003-cü ildə TNS maliyyə problemləri yaşayan qonşu “Osverstri Taun” klubu ilə birləşdirilib. Bu addım komandanın inkişafına əlavə təkan verib və 2004/2005 mövsümündə klub həm çempionluq, həm də ölkə kubokunu qazanaraq “dubl” edib.

1584491811022 - Futbolinfo.az

TNS-in tarixində ən yaddaqalan hadisələrdən biri 2005-ci ildə UEFA Çempionlar Liqasının təsnifat mərhələsində İngiltərənin məşhur “Liverpul” klubu ilə qarşılaşması olub. Həmin vaxt Çempionlar Liqasının qalibi olan mersisaydlılar əvvəlcə turnirə buraxılmamışdı və TNS hətta öz yerini onlara verməyi təklif etmişdi. Sonradan UEFA problemin həllini tapdı və püşkatma nəticəsində qəribə təsadüf nəticəsində komandalar üz-üzə gəlib. “Liverpul” hər iki oyunda 3:0 hesabı ilə qalib gəlsə də, TNS-in qapıçısı Cerard Doherti oyunu ilə böyük rəğbət qazanıb. “Liverpul”un baş məşqçisi Rafael Benites onu iki matçın ən yaxşı futbolçusu adlandırmışdı.

2006-cı ildə sponsor şirkət başqa qurum tərəfindən satın alındıqdan sonra klub yeni ad seçməli oldu. Beləliklə, “The New Saints” adı qəbul edilib. Bu ad həm Llansantffreyd klubunun “Müqəddəslər” ləqəbini, həm də Osvestri şəhərinin himayədarı sayılan Müqəddəs Osvalda bağlılığı özündə birləşdirirdi.

TNS son illərdə yalnız ölkədaxili yarışlarda deyil, avrokuboklarda da diqqət çəkməyi bacarıb. Komanda 2010-cu ildə Avropa kuboklarında tarixində ilk dəfə mərhələ keçərək İrlandiyanın “Bohemians” klubunu mübarizədən kənarlaşdırmışdı. 2016-cı ildə isə ardıcıl 27 qələbə qazanaraq Avropanın yüksək liqalarında çıxış edən klublar arasında “Ayaks”ın uzun illər qüvvədə olan rekordunu geridə qoymuşdu.

Klub tarixinin ən böyük uğuru isə 2024-cü ildə qeydə alınıb. TNS UEFA Konfrans Liqasının liqa mərhələsinə vəsiqə qazanan ilk Uels klubu olub. Komanda bununla Uels futbolu tarixində yeni səhifə açıb. Həmin mövsümdə TNS Avropa kuboklarının əsas mərhələsində ilk qələbəsini də qazanaraq Qazaxıstanın “Astana” klubunu məğlub edib.

Bu gün TNS həm Uels futbolunun flaqmanı, həm də Avropa arenasında təcrübə toplamış rəqib kimi tanınır. “Sabah” üçün qarşıdakı qarşılaşma rəqibin statusuna baxmayaraq ciddi sınaq və eyni zamanda tarixi uğur qazanmaq üçün əla imkan olacaq. Bu komandanın “içalat”ını isə ilk oyun ərəfəsində “ultrasəs müayinəsi”ndən keçirəcəyik.

FƏRİD

Shares: