“Qarabağ” daha iki vidaya hazırlaşır. Ağdam klubu tezliklə iki legioneri ilə yollarını ayıra bilər.

Futbolinfo.az xəbər verir ki, “köhlən atlar”ı tərk edəcəyi dəqiq olan Fabian Butiçdir. 29 yaşlı qapıçı heyətə düşə bilmədiyindən ayrılmaq qərarı verib. Bosniya və Herseqovina yığmasının üzvü Martin Zlomisliç tezliklə komandaya qoşulacağı üçün xorvat əsilli almaniyalı özünə yeni iş yeri tapıb. O, Şahruddin Məhəmmədəliyev və Mateuş Koxalskinin də olduğu “Qarabağ”da forma şansı tapa bilməyəcəyini anladığından Portuqaliyaya dönür.

İki il öncə “Vizela”dan transfer olunan Buntiçin müqaviləsi gələn yay bitir. Amma ağdamlılar onunla anlaşmanı qarşılıqlı razılıq əsasında pozur. Fabianın I Liqa təmsilçisi “Farense” ilə anlaşdığı deyilir (idmanxeber.az). Ayrılıq qarşıdakı iki gün ərzində rəsmən açıqlanacaq.

Digər oyunçunun gedişi isə “Qarabağ” üçün itki sayıla bilər. Əsas heyət üzvlərindən olan Leandro Andradeyə Avropa klublarından birindən ciddi təklif gəlib. Kabo-Verde əsilli portuqaliyalı satılması üçün klub rəhbərliyinə müraciət edib. Ağdamlılar 2022-ci ildən komandanın şərəfini qoruyan oyunçunun gedişinin əleyhinə deyil. Amma bunun üçün müştəri olan klub təxminən 3-3,5 milyon avro transfer haqqı ödəməlidir.

Hazırda danışıqlar davam edir. “Qarabağ” tələbləri yerinə yetiriləcəyi halda bir illik müqavləsi qalan cinah hücumçusunu satacaq.

Shares: