Bu gün 2028-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas mərhələsinin püşkü atılıb.
Futbolinfo.az xəbər verir ki, 12-ci qrupda yer alan millimiz Çexiya və Latviya ilə qarşılaşacaq.
Kapitan Emin Kürdov komandamızın şanslarını dəyərləndirib:
“Çexiya ilə 2 il əvvəl yoldaşlıq oyunlarında qarşılaşmışıq. Düzdür, həmin matçlarda uduzmuşuq, ancaq rəsmi oyunların tapşırığı fərqli olur. Həmin görüşlər də göstərdi ki, Bakıdakı matçda qrupun favoriti hesab edilən çexlərlə başabaş mübarizə aparmaq olar. Bəlkə səfərdə də bunu etmək mümkündür. Onlarda da nəsildəyimə prosesi gedir, gənc futzalçılar komandaya cəlb olunur. Hər şey hazırlıqdan, həmin oyunlar ərəfəsindəki futzalçıların durumundan asılı olacaq. Latviya ilə son illərdə klub səviyyəsində qarşılaşmışıq. Təbii ki, Çexiya millisi onlardan çox güclü rəqibdir. Belə deyim də, normal qrupa düşmüşük. Hər biri ilə oynamaq və meydandan xalla ayrılmaq olar. Çalışacağıq ki, minimum tapşırığı – pley-offa vəsiqəni qazanaq.
Yenə deyirəm, yaxşı hazırlıq prosesi keçməli, yoldaşlıq oyunlarında gücümüzü sınamalıyıq. Sonuncu dəfə apreldə Qazaxıstan millisi ilə qarşılaşmışıq. Rəsmi görüşlərə qədər azı 2 oyun da keçirmək lazımdır. Hazırlıq, yanaşma necə olacaqsa, nəticə də ona uyğun olacaq. Komanda yoldaşlarıma inanıram. Mübariz kollektivimiz var. Qalır yaxşı hazırlaşmaq, tapşırıqları meydanda düzgün yerinə yetirmək. İnanıram ki, Azərbaycan millisi yenidən elit-raunda vəsiqə qazanacaq. Təbii ki, bu yolda azarkeşlərimiz də bizə dəstək olmalı, hər zamankı kimi zalda varlıqlarını hiss etdirməlidirlər”.





