“Legioner həyatı həmişə planlarım arasında olub. Hazırda gələcəyimlə bağlı dəqiq qərar verməmişəm. Bu il alınmasa belə, gələcəkdə xaricdə oynamaq və legioner həyatı yaşamaq istəyirəm”.

Bu sözləri futbolçu Ceyhun Nuriyev futbolinfo.az saytına açıqlamasında deyib.

“Zirə”dən ayrılması barədə danışan Nuriyev bildirib ki, klub tərəfindən ona qalmaq təklifi olub:

“Zirə”dən təklif var idi. Həm klub rəhbərliyi, həm də məşqçilər korpusu komandada qalmağımı istəyirdi. Ancaq mən artıq ayrılmaq qərarımı vermişdim. Buna görə də sağollaşıb klubdan ayrıldım”.

Gələcək karyerası ilə bağlı danışan futbolçu Premyer Liqa klublarından təkliflər aldığını qeyd edib:

“Premyer Liqa təmsilçilərindən təkliflərim var və onları dəyərləndirirəm. Tələsik qərar vermək istəmirəm. Hər şeyi götür-qoy etdikdən sonra yekun seçimimi edəcəyəm. Hələlik heç bir klubla razılıq əldə etməmişəm”.

O yeni komanda seçərkən əsas diqqət yetirdiyi məqamlardan da söz açıb:

“Mənim üçün ən vacib amillər oyun praktikası və komandanın qarşısına qoyduğu hədəflərdir. Ambisiyalı, yuxarı pillələr uğrunda mübarizə aparan komandada çıxış etmək istərdim”.

Ceyhun “Qəbələ” ilə bağlı yayılan transfer iddialarını da təkzib edib:

“Qəbələ” ilə ciddi transfer danışığım olmayıb. Adımın həmin klubla hallanması həqiqəti əks etdirmir. Yeni mövsümdə hansı komandada çıxış edəcəyimi hələ bilmirəm. Amma bir gün xaricdə oynamaq ən böyük arzularımdan biridir”.

GÜNAY SÜLEYMANOVA

Shares: