Futbol üzrə İspaniya yığmasının Səudiyyə Ərəbistanı üzərində qələbəsi növbəti matçlara daha inamla hazırlaşmağa imkan verir.

Futbolinfo.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Luis de la Fuente Səudiyyə Ərəbistanı millisinə qarşı keçirdikləri DÇ-2026-nın qrup mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları görüşü şərh edib:

“Hər iki hissədə yaxşı oyun nümayiş etdirdik. Ən önəmlisi odur ki, bu qələbə bizə yüksələn formamızı qorumağa və qarşıdakı vacib matçlara daha inamla hazırlaşmağa imkan verir. Uruqvayla oyun çətin və çox gərgin keçəcək. Oyundan əvvəl futbolçularla bu məsələləri müzakirə etmişdik və hamımız razılaşmışdıq ki, hücumlarımız intensiv olmalıdır. Bunu zərbələrimizdə də görmək mümkün idi – elə ilk dəqiqələrdən rəqibə nəfəs almağa imkan vermir, onları öz cərimə meydançalarına sıxışdırırdıq. Bu yanaşmadan çox məmnunuq, amma inkişaf etməyə və özümüzü daha da təkmilləşdirməyə davam etməliyik”.

İspaniya – Səudiyyə Ərəbistanı oyunu 4:0 hesabı ilə başa çatıb.

Shares: