“Qarabağ”ın kolumbiyalı futbolçusu Kamillo Duran futbolinfo.az saytına müsahibə verib. 24 yaşlı hücumçu həm karyerası, hədəfləri, həm də dünya çempionatında Kolumbiya millisinin çıxışı ilə bağlı sualları cavablandırıb.
– Hazırlıq mərhələsində ilk oyununuzu “Zirə”yə qarşı (4:3) keçirdiniz. Matç necə keçdi?
– Avropa Liqasına hazırlıq necə lazımdır, elə də davam edir. Ümid edirəm ki, hər şey planlaşdırdığımız kimi olacaq.
– Rəqibiniz İslandiya təmsilçisi “Vestri”ni necə dəyərləndirirsiniz?
– Hələ onlar haqqında çox məlumatımız yoxdur. Onları analiz etmək üçün vaxtımız olacaq. Ümid edirəm ki, növbəti mərhələyə adlayan tərəf biz olacağıq.
– Hazırda təklifləriniz varmı və “Qarabağ”dan ayrılmağınız gözlənilirmi?
– Komanda ilə hələ müqaviləm davam edir. Bütün fikrim “Qarabağ”dadır. Baş məşqçi Qurban Qurbanov da məni komandada görmək istəyir. Hazırkı vəziyyətdə belə bir şey yoxdur.
– Yeni mövsümdə hədəfləriniz nə olacaq?
– Əsas hədəflərimdən biri Azərbaycan Premyer Liqasında çempion olmaqdır. Təəssüf ki, ötən mövsüm bunu əlimizdən qaçırdıq. Digər hədəfim Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bir də Kolumbiya milli komandasına dəvət almaq istəyirəm. Düşünürəm ki, bu, yaxın zamanda baş verəcək. Bu, əsas hədəflərimdən biridir.
– Dünya çempionatından əvvəl Kolumbiya millisinin geniş heyətinə adınız daxil edilmişdi, lakin sonradan çıxarıldınız. Bunun səbəbi nə idi?
– Əslində adım siyahıda idi, amma çıxarılmağımın səbəbini bilmədim. Yəqin ki, bu, məşqçilər heyətinin qərarı idi. Lakin hədəfim hələ də milli komandadır. Daha çox çalışmaq və yenidən dəvət almaq istəyirəm.
– İndi mundialı izləyərkən heyətdə öz yerinizi görürsünüz?
– Hər bir futbolçu milli komandada özünü görmək istəyir. Xüsusilə də dünya çempionatında oynamağı arzulayırsan. Bu dəfə qismət olmadı. Ümid edirəm ki, növbəti böyük turnirlərdə iştirak edəcəyəm.
– DÇ-2026-da favoritiniz kimdir?
– Əlbəttə, Kolumbiya millisinin oyunlarını izləyirəm. Həmişə olduğu kimi, onlara azarkeşlik edirəm. Favoritim də Kolumbiya millisidir.
FƏRİD






