“Sabah”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan “The New Saints” (TNS) son illərdə Uels futbolunun dəyişməz lideridir. Baş məşqçi Kreyq Harrisonun rəhbərliyi altında komanda ardıcıl beşinci dəfə Uels Premyer Liqasının çempionu olub və ötən mövsümü ən yaxın izləyicisindən 20 xal öndə başa vurub.
Bundan başqa, TNS 2024/25 mövsümündə UEFA Konfrans Liqasının əsas mərhələsinə yüksələn ilk Uels klubu kimi tarixə düşüb. Bu səbəbdən “Sabah”ın rəqibi Avropa təcrübəsi baxımından əvvəlki illərin TNS-i deyil.
Heyətə nəzər saldıqda görünür ki, komandanın əsasını İngiltərə, Uels və Şimali İrlandiyadan olan futbolçular təşkil edir. Təkcə onu deyək ki, hazırda komandanın geniş heyətində 13 ingilis futbolçu var.
Qapıda etibarlı çıxışı ilə seçilən Natan Şepperd oynayır. 25 yaşlı qolkiper İngiltərənin “Brentford” klubunun yetirməsidir. O, 2022-ci ildə İrlandiyanın “Dandolk” klubunda mövsümün ən yaxşı oyunçusu seçilib.
Müdafiə xəttində Cek Bodenhem, Qodsmark-Ford və Denni Devis kimi fiziki cəhətdən güclü futbolçular var. Yarımmüdafiədə “Liverpul” yetirməsi Dominik Korns, “Everton” “məzunu” Deniel Redmond, “Suonsi”dən çıxan Deniel Uilyams və yerli futbolçu Leo Smit komandanın oyun ritmini müəyyənləşdirən futbolçulardır. Hücum xəttində isə “Brayton”un heyətinə düşə bilməyən Ben Uilson əsas söz sahibidir. Hazırda əsas transferləri “Aston Villa”dan çıxan və ərəb ölkələrində oynamağa imkan tapan 23 yaşlı Bred Yanqdır. “Sabah”la oyunda şans qazanacağı halda, komandamıza problemlər yarada bilər.
Ümimiyyətlə, 48 yaşlı ingilis baş məşqçi Kreyq Harrison taktiki baxımdan çevik məşqçi hesab olunur. Komanda rəqibdən və oyunun gedişindən asılı olaraq 4-3-3, 4-4-2, hətta 3-5-2 sxemləri arasında keçid edə bilir. Bu elastiklik TNS-in əsas üstünlüklərindən biridir. Avrokuboklarda Harrison bəzən daha ehtiyatlı futbol seçir, top rəqibdə olarkən blok şəklində müdafiə olunur, top qazanıldıqdan sonra isə sürətli keçid hücumlarına üstünlük verir.
Hücumların təşkilində Rori Holden xüsusi rol oynayır. Şimali irlandiyalı hücumameyilli yarımmüdafiəçi son ötürmələri verməyi, oyunun tempini dəyişməyi və standart vəziyyətlərdən təhlükə yaratmağı bacarır. Daniel Redmond və Rayan Brobbel isə cinah keçidləri ilə göz oxşayır. Xüsusən də, 2016-cı ildən TNS-də oynayan və bu müddət ərzində 259 oyuna 109 qol vuran “Midlsbro”nun şimali irlandiyalı yetirməsi çox amansızdır. Hücumun önündə Cordan Uilyams həm cinahlara açılır, həm də boş zonalara qaçışlarla müdafiəni parçalamağa çalışır. Qeyd edək ki, o, Uels çempionunun heyətində son 5 ildə 129 oyuna 62 qol vurub. Ümimiyyətlə, TNS hücumları yalnız mərkəzdən deyil, cinah rotasiyaları hesabına da inkişaf etdirə bilir.
Komandanın güclü tərəflərindən biri oturuşmuş heyətdir. Futbolçuların böyük hissəsi uzun müddətdir birlikdə çıxış edir. Onlar bir-birinin oyun xüsusiyyətlərini yaxşı tanıyırlar və xüsusilə standart vəziyyətlərdə əvvəlcədən hazırlanmış kombinasiyalara üstünlük verirlər. Hündürboy müdafiəçilərin irəli çıxması künc zərbələrini TNS üçün təhlükəli silaha çevirir.
Bununla yanaşı, komandanın zəif cəhətləri də var. Müdafiəçilər fiziki baxımdan güclü olsalar da, sürətli hücumçulara qarşı problemlər yaşayırlar. Cinah müdafiəçiləri tez-tez irəli qoşulduqları üçün onların arxasında boşluqlar yaranır. Rəqib ilk pressinq xəttini keçə biləndə TNS-in müdafiə xətti geri qayıtmaqda çətinlik çəkir. Bu xüsusiyyət avrokuboklarda da özünü göstərir və burada rəqiblər daha çox keçid hücumları ilə təhlükə yaradıblar.
Kağız üzərində “Sabah” həm fərdi keyfiyyət, həm də bazar dəyəri baxımından üstün görünür. Transfermarkt portalının məlumatına görə, Azərbaycan çempionunun ümumi heyət dəyəri təxminən 18 milyon avro olduğu halda, TNS-in heyəti 2,5-2,6 milyon avro civarındadır. Lakin bu rəqəmlər meydandakı mübarizəni əvvəlcədən həll etmir.
“Sabah” üçün əsas taktiki üstünlük cinahlarda yaranacaq boşluqlardan istifadə etmək və sürətli keçid hücumları qurmaq ola bilər. Eyni zamanda standart vəziyyətlərdə maksimum diqqət tələb olunur. TNS texniki baxımdan Avropanın aparıcı komandaları ilə müqayisə olunmasa da, kollektiv oyun, intizam və Avropa təcrübəsi sayəsində kifayət qədər təhlükəli rəqibdir. Məhz buna görə də Azərbaycan çempionu bu cütlüyə favorit kimi başlasa da, Uels təmsilçisini sadəcə yerli çempionatın lideri kimi qiymətləndirmək ciddi səhv olardı. “Sabah”ın 2024/25 mövsümündə Şimali İrlandiyanın “Sent Patriks” klubuna hər iki oyunda 0:1 hesabı ilə məğlubiyyətini yəqin ki, unutmamısınız. Nə qədər favorit olsaq da, belə rəqibləri ciddiyə almaq lazımdır…
ABBAS
