“Prioritetim legioner həyatı yaşamaqdır. Həmişə istəyim xaricdə oynamaq olub. Bu mövsüm bunu reallaşdıra bilməsəm də, növbəti illərdə mütləq məqsədimə çatmağa çalışacağam. Bunun üçün üzərimdə işləməyə davam edirəm”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Zirə”dən ayrılan Ceyhun Nuriyev deyib.
25 yaşlı yarımmüdafiəçi hazırda transfer məsələsində tələsmədiyini və bütün variantları diqqətlə dəyərləndirdiyini bildirib: “Hələ də danışıqlar aparıram. Uzun müddətdir müxtəlif klublardan təkliflər alıram və demək olar ki, hər gün hansısa klubla müzakirələr olur. Mənim üçün ən vacib məsələ düzgün seçim etməkdir. Ona görə də tələsmək istəmirəm. Hələlik heç bir klubla yekun razılığa gəlməmişəm. İnanıram ki, yaxın günlərdə bütün məsələlərə aydınlıq gələcək və yeni komandam bəlli olacaq”.
Futbolçu yeni komandasına tam hazır vəziyyətdə qoşulmaq üçün məşqlərini də dayandırmadığını qeyd edib: “Klubsuz olmağım məşqlərdən uzaq qalmağım demək deyil. Hazırda fərdi məşqlərlə formamı qoruyuram. Həm mini-futbol oynayıram, həm də fitnesslə məşğul oluram. Fiziki durumumu yüksək səviyyədə saxlamağa çalışıram ki, yeni komandama qoşulduğum ilk gündən tam hazır olum”.
GÜNAY SÜLEYMANOVA
