“Qarabağ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın ÇSKA klubuyla qolsuz bərabərə qaldı. Bakıdakı oyundan sonra Ağdam təmsilçisinin ispan yarımmüdafiəçisi Joni Montiel jurnalistlərə açıqlama verib.
Montiel öncə oyunu şərh edb: “Çətin oyun olacağını gözləyirdik. Amma ikinci hissədə daha yaxşı çıxış etdik. İndi hər şey cavab görüşündə həll olunacaq. Bu mərhələdə mübarizə aparan bütün komandalar güclüdür. Onlar ötən mövsüm öz çempionatlarında uğurlu çıxış etdikləri üçün Avropa Liqasına vəsiqə qazanıblar. ÇSKA da güclü rəqibdir. Hər şey cavab oyununda müəyyənləşəcək. Burada bizdən də çox şey asılıdır”.
Joni ikinci hissədə meydana çıxanda azarkeşlər tərəfindən alqışlanmasından təsirlənib: “Açığı bunu gözləmirdim. Bu münasibət mənim üçün də xoş sürpriz oldu. Ümumiyyətlə, burada olduğum müddətdə həm mənə, həm də ailəmə hər zaman isti münasibət göstəriblər. Buna görə də burada çox xoşbəxtəm. “Qarabağ”da olduğum müddətdə də komandaya kömək etmək üçün əlimdən gələni edəcəyəm”.
Yarımmüdafiəçi daha əvvəlki mərhələdə adının iştirak ərizəsinə salınmamasını normal sayır. Amma əvəzedici komandaya göndərilməsi barədə xəbərləri təkzib edir: “Oynamadığım müddətdə haqqımda çoxlu həqiqətə uyğun olmayan xəbərlər yayıldı. Xüsusilə də guya nizam-intizam problemlərim olduğu barədə iddialar dolaşdı. Belə xəbərlər həm mənə, həm də ailəmə çox pis təsir edir. İndiyədək çıxış etdiyim heç bir komandada nizam-intizamla bağlı problem yaşamamışam. Sadəcə, bu, baş məşqçinin qərarı idi. Heyətdə çoxlu futbolçu var və hamı özünü göstərməyə çalışır. Son qərarı məşqçi verir və biz də buna hörmətlə yanaşmalıyıq”.
“Qarabağ”da qalacağını vəd edən ispan ötən mövsüm aldığı zədədən sonra toparlanmağa çalışdığını deyir: “Hazırda fiziki durumumu yaxşılaşdırmağa çalışıram. Bildiyiniz kimi, ötən mövsümün sonunda zədə aldım və əməliyyat olundum. Buna görə də mövsümün əvvəlindən komandayla tam hazırlaşa bilmədim. Futbolçunun yaxşı formada olması üçün müntəzəm oyun praktikası çox vacibdir. Hazırda həmin prosesi keçirəm və zaman keçdikcə daha yaxşı vəziyyətdə olacağam. Yeni futbolçuların gəlməsi komandanın xeyrinədir. Rəqabət nə qədər güclü olsa, bu, bir o qədər müsbət haldır. Bizim işimiz məşqlərdə maksimum gücümüzlə çalışmaq və baş məşqçinin seçim etməsini çətinləşdirməkdir. Kimin oynayacağına isə məşqçi qərar verir”.
