MBA-nın sabiq basketbolçusu Tay Louson ABŞ-nin Kolorado ştatında oğurluq ittihamı ilə saxlanılıb.
Məlumata görə, 16 iyulda o, Kastl-Rok şəhərində yerləşən mağazadan qiyməti 34 dollar olan “Tito’s” arağının pulunu ödəmədən çıxıb. Sənədlərə əsasən, Louson saxlanıldıqdan sonra polis əməkdaşını təhqir edib, kameranın şüşəsinə təpik vurub, qışqırıb və yerə tüpürüb, lakin sonradan davranışına görə üzr istəyib. Keçmiş basketbolçuya 300 dollardan az məbləğdə oğurluq ittihamı irəli sürülüb.
Xatırladaq ki, Tay Louson 2009–2018-ci illərdə MBA-da çıxış edib, əsasən “Denver Naqqets”in heyətində tanınıb, daha sonra isə “Hyuston Rokets”, “İndiana Peysers”, “Sakramento Kinqs” və “Vaşinqton Uizards”ın formasını geyinib.
