“Mançester Siti”nin sabiq baş məşqçisi Xosep Qvardiolanın klubdakı fəaliyyətinə aid əşyalar xeyriyyə məqsədilə hərraca çıxarılıb.
“Farewell Pep” adlı kolleksiyaya klub tərəfindən orijinallığı təsdiqlənmiş 25 əşya daxildir. Azarkeşlər Qvardiolanın iş otağında istifadə etdiyi kreslonu, fitini, qəhvə fincanlarını, masa lampasını, ətir çubuqları dəstini, məşq geyimlərini və taktiki qeydlərlə dolu 0bloknotlarını əldə etmək imkanı qazanıblar.
Hərracın ən bahalı lotu Erlinq Holandın Premyer Liqada vurduğu 100 qola həsr olunmuş və imzalanmış topdur. Bu əşya üçün təklif olunan məbləğ artıq 10 min funt-sterlinqə yaxınlaşıb. Qvardiolanın gödəkçəsi 3,6 min funtdan, iş kreslosu 2,1 min funtdan, ətir çubuqları dəsti 1,3 min funtdan, taktiki qeydlər və qələmlər toplusu isə 1,1 min funtdan yuxarı qiymətləndirilir.
Bundan əlavə, məşqçinin masasındakı kiçik fiqurlar və suvenirlər, kabinetinin divarlarından götürülmüş fotolar, eləcə də Qvardiolanın komandanın baş məşqçisi kimi keçirdiyi son ev oyununda istifadə olunan qapı torunun hissələri də satışa çıxarılıb.
Hərracdan əldə olunacaq bütün vəsait uşaqlara və böyüklərə futbol proqramları vasitəsilə dəstək göstərən “City in the Community” xeyriyyə fonduna köçürüləcək. Xatırladaq ki, Pep Qvardiola 2026-cı ilin yayında 10 mövsümlük fəaliyyətini başa vuraraq “Mançester Siti”dən ayrılıb.
