“Sabah”ın serbiyalı yarımmüdafiəçisi Velko Simiçin futbolinfo.az saytına müsahibəsi

– Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin KuPS ilə cavab oyununda da qələbə qazanaraq növbəti mərhələyə adladınız. Matç haqda nə deyə bilərsiniz?

– Süni örtüklü meydançaya uyğunlaşmaq üçün bizə müəyyən vaxt lazım oldu. Rəqib də bundan yaxşı istifadə etdi və xüsusilə ilk hissədə bizdən daha üstün təsir bağışladı. Amma ikinci hissədə oyuna tam nəzarəti ələ aldıq, öz futbolumuzu oynamağa başladıq və bunun nəticəsində qollar vuraraq qələbə qazandıq.

– Fasilədə baş məşqçi Valdas Dambrauskas komandaya nə dedi, hansı tapşırıqları verdi ki, oyunun gedişatını dəyişə bildiniz?

– Biz heç vaxt topa sahib olmağı rəqibə verməyi planlaşdırmırıq. Sadəcə, həmin gün süni örtüyə uyğunlaşmaqda çətinlik çəkdiyimiz ilk dəqiqələrdən rəqib faydalandı. Fasilədən sonra daha rahat oynamağa başladıq və oyunun gedişatını dəyişə bildik.

– ÇL-də ikinci mərhələni də keçməklə “Sabah” eyni zamanda Konfrans Liqasının Liqa mərhələsinə vəsiqəni təmin etdi. Minimum missiyanın yerinə yetirilməsi sizin üçün yetərlidir, ya komanda Çempionlar Liqasının, ən pis halda Avropa Liqasının Liqa mərhələsinə düşməyi hədəfləyib?

– Üçüncü təsnifat mərhələsinə yüksəlmək və avrokubokların liqa mərhələsində çıxışı təmin etmək klub üçün böyük uğurdur. Amma biz inanırıq ki, bununla kifayətlənməməliyik. Komandamızın daha böyük uğurlara imza atacaq gücü var və maksimum nəticə üçün mübarizəni davam etdirəcəyik.

– Növbəti mərhələdə rəqib “Lex” önündə əla geridönüş edən Danimarka təmsilçisi “Orhus” olacaq. Şansları necə dəyərləndirirsiniz? “Sabah” bu komandanı da keçəcək gücdədir?

– Bizi növbəti mərhələdə çox güclü rəqib və böyük sınaq gözləyir. Bu oyunları səbirsizliklə gözləyirik. Belə komandaya qarşı oynamaq öz gücümüzü qiymətləndirmək üçün əla fürsətdir. Əlimizdən gələni edəcəyik və şanslarımız üçün sona qədər mübarizə aparacağıq.

– Avrokuboklarda bu mövsüm keçirdiyiniz 4 oyundan 3-də aktivinizə qol yazdırmısınız. Fərdi performansınızı necə qiymətləndirirsiniz?

– Öz oyunumu dəyərləndirməyim düzgün olmazdı. Yalnız onu deyə bilərəm ki, komandaya xeyir vermək üçün meydanda əlimdən gələni edirəm. İnanıram ki, bu, məndə alınır.

CAVAD

Shares: