Çox uğursuz gün idi. Əslində, uğursuz olan gün yox, klublarımızdır. Sadəcə, hamısı eyni gündə başını yerə qoyduğundan zamanı günahkar bilirik.

Püşk bu mövsüm klublarımıza elə rəqiblər bəxş etmişdi ki, qitə yarışlarına yollanan 4 klubumuzun hamısı 3-cü təsnifat mərhələsinə yüksəlməliydi. “Sabah” bunu bacardı, “Qarabağ” isə Avropa Liqasından Konfrans Liqasına yuvarlanmaqla siyahıya düşdü. “Zirə” ilə “Neftçi”…

Avrokubokda hər il eyni ssenari təkrarlanacaqsa, mövüm boyu ora yüksəlmək üçün mübarizə aparmağın nə mənası var? Büdcəni transferlərə xərcləməkdənsə, infrastrukturun qurulmasına, gənc nəslin yetişdirilməsinə diqqət ayırmaq daha yaxşı deyilmi? Bir mərhələ keçmək üçün milyonlar xərcləmək nəyə lazımdır?

Açığı, dünən ən azı iki klubumuzun növbəti mərhələyə yüksələcəynə ümid edirdim. İlk oyundakı axmaq səhvləri olmasaydı, “Neftçi”nin də belə şansı var idi. Püşk komandalarımıza ən pis halda bərabər səviyyəli, hətta zəif rəqiblər bəxş etdiyindən, nikbin düşünməyə əsas var idi.

“Zirə” öz səhvlərinin güdazına getdi. Səfərdə oyun üstünlüyünü nəticəyə çevirə bilməyən qəsəbə təmsilçisi Sumqayıtda da eyni aqibəti yaşadı. Erkən qolla ümumi hesabı bərabərləşdirən “qartallar” çoxsaylı qol imkanlarını boşa verdi, sonra isə rəqibin cavab qoluna imkan yaratdı. Hakim səhvi, bəxtsizlik, xırda nüanslar – bu uğursuzluğun bəraəti yoxdur. “Payde” keçiləsi rəqib idi və “Zirə” yalnız öz səhvlərini analiz etməli, bu qədər qol vəziyyətini 180 dəqiqə ərzində boşa verməyin səbəbini tapmalıdır.

“Neftçi” üçün avrokubok mövsümü başlayan kimi bitdi. Mübarizəyə ikinci mərhələdən başlayan bakılıların Minsk “Dinamo”sundan daha yaxşı olduğunu dünənki 1:0 hesablı matç da göstərdi. Amma ilk oyunda baş verənlər aqibəti müəyyənləşdirdi. Bakıda nələrin olduğunu bilmirik, lakin komandada işlərin qaydasında olmadığı dəqiqdir. “Cəbhələr müharibəsi”nin, yoxsa sırf fərdi səhvlərin nəticəsidir – bilmirəm, fakt oldur ki, “Neftçi” üstün olduğu rəqib tərəfindən qitə yarışlarından qovuldu.

Bu uğursuzluqda ən böyük pay sahibi Yuri Vernidub sayılmalıdır. Onun ev oyununda güvəndiyi heyət yanlış idi, dünən etdiyi dəyişikliklərlə səhvini özü də etiraf etmiş oldu. Amma nə fayda, qatar getdi. İndi bir neçə gün tənqid eşidəcək, ardınca yeni mövsümə komanda hazırlayacaq. İlləri belə yola vermək olmaz, bəzi şeyləri nizama salmaq lazımdır. “Neftçi” bir əldən idarə olunmayınca əvvəlki nüfuzunu qaytara bilməyəcək, ən yaxşı halda Konfrans Liqasına vəsiqə üçün döyüşəcək.

“Qarabağ” da uduzmayıb sıradan çıxarılanlar siyahısındadır. ÇSKA bəlkə də rəqiblərin içində ən güclüsü idi, lakin bu, ağdamlılara bəraət vermir. Bolqarıstan təmsilçisi bir az dişli çıxdı və Qurban Qurbanovun yetirmələri büdrədi. Saysız qol vəziyyətləri, üstün oyun – bunları sadalamağa dəyməz, tarixdə nəticə qalır.

Əslində, “Qarabağ”ın heyətdə ciddi islahat aparmasının fəsadı olmalı idi. Yenilər heyətə uyğunlaşana kimi qəzalar gözləniləndir. Amma Qurbanov aylardır özünü doğrulda bilməyən Aleksey Kaşuka israrla güvənməyə davam edirsə, uğrusuzluğa ayaq vermiş olur.

Komanda 4 oyunda top buraxmayıb, Avropa Liqasını penaltilərdən sonra tərk edib. Bəlkə də bunu müsbət amil saymaq olar. Amma sofiyalılara 180 dəqiqə ərzində qol vura bilməmək də düşündürücüdür. Komanda toparlanmasa, Konfrans Liqasından uzaqlaşacağı gün də uzaqda deyil. Növbəti rəqib olan Kiyev “Dinamo”su hazırda yaxşı vəziyyətdə olmasa da, ənənəsi olan rəqibdir və “Qarabağ”ı hətta pley-offa buraxmaya bilər.

Bəlkə də ironik taledir. Dünən klublarımızın heç biri uduzmadı. Amma iki heç-heçə və bir qələbə ilk oyundakı eyibləri örtməyə imkan vermədi və təmsilçilərimizin hamısı məğlub sayıldı. Avrokubok mövsümü “Sabah”ın ümidinə qaldı. Ötən illərdə bu missiyanı “Qarabağ” yerinə yetirirdi, indi isə dəyişən çempion iş başındadır. Ağdamlılar növbəti iki rəqibi məğlub edib qruplara qalsa, həm seryasını davam etdirər, həm də reytinq xalları baxımından daha ümidli olarıq. Bunu bacarmasalar, uzun marafon təcrübəsi olmayan tək “Sabah”la işimiz çətin olacaq.

ABBAS

Shares: