FIFA prezidenti Canni İnfantinonun baş müşaviri Karlos Kordeyro dünya çempionatının hüquqlarının bir hissəsinin mümkün satışı ilə bağlı etiraz əlaməti olaraq istefa verib.
Kordeyro qərarını dünya çempionatının hüquqlarının bir hissəsinin satılması ilə bağlı mümkün razılaşmanın futbola zərər vuracağı qənaəti ilə əsaslandırıb: “FIFA prezidentinin baş müşaviri, keçmiş bankir və uzunillik futbol azarkeşi kimi FIFA-nın dünya çempionatının payının satılması imkanını nəzərdən keçirdiyi vaxt kənarda qala bilmərəm. İcazə verin bunu dəqiqləşdirim: mənim bu təkliflə heç bir əlaqəm olmayıb və ona qəti şəkildə qarşıyam. Bu, FIFA-ya üzv assosiasiyalar üçün sərfəli razılaşma deyil, futbol üçün sərfəli deyil və bu idman növünün uzunmüddətli gələcəyi üçün də faydalı ola bilməz”.
