“Qarabağ”a çoxlu yeni futbolçular gəlib, eyni zamanda komandanı bir çox əsas oyunçu da tərk edib. Məncə, yeni komandanın formalaşması üçün sadəcə vaxt lazımdır. Çünki “Qarabağ” öz futbol sistemində oynayır və yeni futbolçuların bu sistemə uyğunlaşması müəyyən zaman tələb edir”. Bunu futbolinfo.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadə deyib.

Uzun müddət Ukraynada oynamış Azərbaycan yığmasının üzvü Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində bu həftə baş tutacaq “Qarabağ” – “Dinamo” (Kiyev) matçından danışıb.

O, “Qarabağ”a inandığını da bildirib: “Ümumilikdə, mən həm ilk oyundan əvvəl, həm də indi “Qarabağ”ın mərhələni keçəcəyinə inanıram. “Dinamo” da hazırda ən yaxşı dövrünü yaşamır və buna görə “Qarabağ”ın şanslarını yüksək qiymətləndirirəm. Düşünürəm ki, cavab oyununda “Qarabağ” əsl səviyyəsini göstərə bilsə və bacardığı kimi oynasa, “Dinamo”nu məğlub edib növbəti mərhələyə keçəcək”.

Əhmədzadə “Qarabağ”ın ilk oyunda 0:1 hesabı ilə uduzmasına da toxunub: “Dinamo ” oyuna yaxşı hazırlaşmışdı. Fiziki cəhətdən də yaxşı vəziyyətdə olduqları görünürdü. Məncə, hələlik nəsə demək çətindir, çünki bu, həm də taktiki gediş ola bilər. Hər şey cavab oyunundan sonra bəlli olacaq. Yadımdadır, “Qarabağ” vaxtilə “Lex”ə ilk oyunda 1:0 hesabı ilə uduzmuşdu, amma cavab oyununda 5:1 hesabı ilə qalib gəldi. Ona görə də indidən nəsə demək hələ tezdir”.

Forvard “Qarabağ”a azarkeşlik edəcəyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, “Qarabağ” – “Dinamo” (Kiyev) matçı avqustun 13-ü saat 20:00-da başlayacaq.

Shares: